Milli istiqlal ruhunu yaşadan nadir xalça

 

 

 

   Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalçanı aşkara çıxarıb.

   "Azərxalça"nın mətbuat xidmətindən verilən məlumata görə, Qarabağda - Şuşa şəhərində 1926-cı ildə toxunmuş xovlu xalça Azərbaycan xalçaçılığında unikal hadisədir.

   Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq dövlət rəmzi - bayraq xalça üzərində əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 24 iyunundan 9 noyabrınadək rəmzi olmuş ilk bayrağı (milli hökumət Gəncədə yerləşərkən qəbul olunan, üzərində ay səkkizguşəli ulduz təsvir olunmuş al-qırmızı bayraq) xalça üzərində əbədiləşdirilib.

   Xalçanın yazıları təsvirləri o vaxt qüvvədə olan əski (ərəb) əlifbası qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub. Sənət əsərinin üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub. Türkçülüyün əbədi rəmzi olan mavi rəngli ara sahənin mərkəzində təsvir olunmuş qırmızı rəngli, ay-ulduz təsvirli bayrağın üzərində "Zikr edər cinnü-mələk həm insan. Yaşasın devletü Azərbaycan" "Hür azade yaşatsun hamunu. Hem hüquq olsun er ile nisvan" misraları yazılıb. Ölçüsü 178 x129 sm olan xovlu xalça yundan toxunub.

   1926-cı ildə müstəqil dövlətçilik atributunu əks etdirən belə bir xalçanın toxunması böyük cəsarət tələb edirdi. Belə bir dövrdə bu xalçanın toxunması onu göstərir ki, Azərbaycan xalqının müstəqil yaşamaq istəyini heç bir qüvvə boğa bilməyib. Müstəqillik ideyasının yaşadılması üçün xalçanın seçilməsi təsadüfi deyil. Çünki xalça bizim milli sərvətimizdir, Azərbaycan xalqının dəyərlərini, həyat tərzini, tarixini özündə yaşadan qiymətli nümunədir.

   Qeyd edək ki, Azərbaycanda şəxsi kolleksiyada saxlanılan bu unikal xalça nümunəsi 2013-cü ildə Hollandiyada şəxsi kolleksiyadan alınaraq ölkəyə gətirilib.

 

Mədəniyyət.- 2018.- 18 may.-S.9.