Beynəlxalq muzeylər günü müxtəlif tədbirlərlə
qeyd olunub
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində 18 may - Beynəlxalq muzeylər günü münasibətilə "Azərbaycanda muzeylərin təşəkkülü - dünəni və bu günü" mövzusunda tədbir keçirilib. Muzeyin direktoru P.Mehdiyeva tədbiri açaraq Beynəlxalq muzeylər gününün tarixi, ölkəmizdə yaradılan ilk muzey haqqında məlumat verib.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev ölkəmizdə mədəniyyətin digər sahələri kimi muzeylərə göstərilən dövlət qayğısından danışıb. İdarə rəisi muzey işçilərini əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər Diyarşünaslıq klubu və S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin birgə təşəbbüsü ilə Qobustan Dövlət tarixi-bədii qoruğuna ekskursiya təşkil edilib. Səyahətdə Diyarşünaslıq klubunun dərnək və kurs üzvləri, Mərkəzi kitabxananın Uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq poeziya klubunun üzvləri iştirak ediblər.
Ziyarətçilər qoruqdakı Mezolit dövrü abidələri, Qobustan muzeyi, Böyükdaş dağının yuxarı səkisində mağaralar və müxtəlif dövrlərə aid petroqliflərlə tanış olublar.
***
Ağstafa rayonundakı Keşikçidağ Dövlət tarix-memarlıq qoruğu Köhnəqışlaq kənd tam orta məktəbində "Əsrlərin yadigarı" adlı tanıtım layihəsi üzrə növbəti tədbir keçirib. Layihə ümumilikdə rayonun 30-dan çox məktəbini əhatə edib.
Qoruq
əməkdaşları Beynəlxalq muzeylər günü haqqında məktəblilərə
ətraflı məlumat verib, muzeylərin
keçmişimizi və bu
günümüzü gələcəyə
çatdıran ən yaxşı bələdçi olduğunu vurğulayıblar. Məktəbdə
qurulmuş pavilyonda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı
tapılmış maddi mədəniyyət
nümunələri sərgilənib. Şagirdlərə qoruq haqqında "Qədim yurdun
daş kitabəsi" sənədli filminin diski, buklet, flayer və diyircəkli
qələmlər hədiyyə edilib.
Mədəniyyət.- 2018.- 23 may.-
S.11.