"Çempion" sənədli filminin təqdimatı keçirildi

 

 

   Mayın 24-də Nizami Kino Mərkəzində "Çempion" sənədli filminin təqdimat mərasimi keçirildi.

   Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən film sambo üzrə 7 dəfə dünya çempionu Ceyhun Məmmədovun həyat fəaliyyətinə həsr olunub.

   Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev son illər ölkəmizin bir sıra böyük tədbirlərə, o cümlədən beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırdı. Vurğulandı ki, bu gün Azərbaycan mədəniyyəti, incəsənəti ölkə idmanın nailiyyətlərinin təbliğinə öz töhfəsini verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, idman sahəsində daha böyük uğurlar əldə olunacaq.

   Əbülfəs Qarayev Azərbaycanda sambo idman növünün inkişafında Ceyhun Məmmədovun xüsusi rolunun olduğunu bildirdi idmançını 50 illik yubileyi haqqında çəkilən film münasibətilə təbrik etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

   Gənclər idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idman sahəsinin inkişafına göstərilən diqqət qayğıdan danışdı. Qeyd etdi ki, indi idmançılarımız dünyanın ən nüfuzlu yarışlarında ölkəmizi layiqincə təmsil edirlər. Ceyhun Məmmədovun da idman sahəsində böyük uğurlara imza atdığını diqqətə çatdıran nazir onun uzun illərdir həm Azərbaycan Sambo Federasiyasına rəhbərlik etdiyini dedi.

   Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə filmin ölkəmizdə idmanın təbliğ olunmasına öz töhfələrini verəcəyini dedi. O, Ceyhun Məmmədovun idman sahəsində əldə etdiyi uğurlardan danışaraq ona yeni nailiyyətlər dilədi.

   Ceyhun Məmmədov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.

   Daha sonra "Çempion" sənədli filmi nümayiş olundu.

   Qeyd edək ki, filmin rejissoru Zamin Məmmədov, operatoru Tariverdi Tariverdiyev, musiqi tərtibatçısı İsmayıl Dadaşov, icraçı prodüseri İlqar Musayev, prodüseri Müşfiq Hətəmovdur.

  

   Fariz

 

Mədəniyyət.- 2018.- 25 may.- S.2.