Cümhuriyyət dövrünün mədəni həyatından söhbət açılıb

 

 

Musiqi məktəbi konsert proqramı təqdim edib

   Mayın 24-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rafiq Babayev adına 25 saylı onbirillik Musiqi məktəbi ilə birgə "Cümhuriyyət dövründə mədəni həyat" adlı tədbir keçirildi.

   Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Xanım Abdinova açaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən həmin dövrdə mədəniyyət xəzinəmizə verilən töhfələrdən danışdı. Bildirdi ki, Cümhuriyyət dövründə xalqımızın mədəni inkişafında, elm, təhsil sahəsinin tərəqqisi istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda "Türk Ocağı", "Müsəlman Şərqini Öyrənmə Cəmiyyəti", "Qurtuluş", "Yaşıl qələm" cəmiyyətləri təşkil edilib. Mədəniyyət tariximizdə böyük hadisə olan İstiqlal Muzeyi yaradılıb.

   Qeyd olundu ki, istiqlalın əldə edilməsi ilə ədəbi mühitdə böyük canlanma yaranır. Şair yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu güclənir. İstiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yazılır. Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Əliabbas Müznib və digərləri öz əsərləri ilə milli ruhun oyanışına təsir edirlər. Bu dövrdə həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" əsərləri tamaşaya qoyulur. Azərbaycan dilində ilk böyük kitabxananın açılması da Cümhuriyyət dövrünə təsadüf edir.

   Çıxışdan sonra bədii hissəyə keçildi. Rafiq Babayev adına 25 saylı Musiqi məktəbi şagirdlərinin ifasında Q.Qarayevin "Yeddi gözəl" baletindən "Vals", "Kiçik vals", Ü.Hacıbəylinin "Ey səba yeli", Z.Fibixin "Poema", T.Quliyevin "Cəmilənin albomu" məcmuəsindən "Marş", F.Əmirovun "12 miniatür" məcmuəsindən "Vals", Y.Yesnyakın "Karison", A.Məlikovun "Məhəbbət əfsanəsi" baletindən "Təlxəklərin rəqsi", S.Raxmaninovun "Etüd şəkil g moll", S.Ələsgərovun "Rəqs-tokkata", T.Bakıxanovun "Xəzər balladası" baletindən "Neft fəvvarələrinin rəqsi" və s. əsərlər səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.

   Sonda tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Şəxsiyyətlər musiqi tarixində" adlı sərgiyə baxdılar.

  

   Savalan Fərəcov

Mədəniyyət.- 2018.- 25 may.- S.3.