Ortaq əcdadlarımızın irsi
Bakıda sərgilənir
Onun haqqında çoxdan eşitmişdik. Üstəlik, aprel ayından Rusiya paytaxtında başlayan turnesinin ikinci dayanacağının Bakı olacağını da bilirdik. Nəhayət, "Qızıl adam" Bakıya gəldi.
Söhbət Qazaxıstan Respublikasının "Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri" sərgisinin dünya muzeylərinə səyahət layihəsindən gedir. Mayın 22-də Milli Azərbaycan Tarixi Muzeyində sərginin açılışı oldu.
Açılışdan əvvəl keçirilən mətbuat konfransında muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərgini mühüm mədəni-tarixi hadisə kimi dəyərləndirdi. O, Qazaxıstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafından, bu münasibətin Türk dünyası xalqlarının tarixinin tədqiqi və təbliğinə xidmət etməsindən danışaraq "Qızıl adam" kimi tarixə düşən skif-sak döyüşçüsünün bütün türk xalqlarının ortaq əcdadı kimi dəyərləndirdi.
Sonra çıxış edən Qazaxıstan Milli Muzeyinin direktor müavini Abay Satubaldin sərginin eksponatları barədə geniş məlumat verdi. 1969-cu ildə Almatı şəhərindən 50 km şərqdə İssık kurqanında arxeoloq Kemal Akişevin rəhbərlik etdiyi ekspedisiyanın tapdığı "Qızıl adam"ın - skif-sak döyüşçüsünün (bəlkə də sərkərdəsinin) qızıldan düzəldilmiş dəbilqəsi, döyüş əlbisəsinə vurulmuş bəzəkləri və silahı heyrətamiz toxunulmazlığı ilə tarixçi və arxeoloqları heyran etmişdi. Bu gün isə "Qızıl adam" Qazaxıstan Respublikasının rəmzi sayılır. Həmin kurqanın sərdabəsindən tapılan və eramızdan əvvəl 8-ci əsrə aid edilən 4800 bəzək əşyası isə bu xəzinəni zənginliyinə görə yalnız Misir fironu Tutanxamonun sərdabəsindən geri qoyur.
"Qızıl adam"ın dünya muzeylərinə yürüşü" sərgi layihəsi 2018-2021-ci illəri əhatə edir. Moskvadan başlayan bu səyahət Bakıdan sonra Çinin Siyan şəhərindəki Şensi Əyalətinin Tarix Muzeyində davam edəcək. Ümumiyyətlə isə, dörd il ərzində bu səyahət Polşa, Gürcüstan, Böyük Britaniya, Türkiyə, İspaniya, İtaliya, Almaniya, Yaponiya, Koreya, Avstriya, Fransa və Amerika Birləşmiş Ştatlarını da əhatə edəcək.
Mətbuat konfransında iştirak edən AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev və tarix elmləri doktoru, professor Zeynolla Samaşov türk dövlətlərinin tarixinin öyrənilməsində bu sərginin vacibliyindən danışdılar, hətta uzun illər boyu mövcud olmuş "tarixi, mədəniyyəti oturaq xalqlar yaradır, köçərilər isə onların yaratdıqlarından istifadə edirlər" fikrini alt-üst edən, böyük mədəniyyət nümayiş etdirən belə tarixi sərgilərin əhəmiyyətini vurğuladılar.
Mətbuat konfransı Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanması ilə başa çatdı.
Sərginin açılışına qədər qalan dəqiqələri isə Qazaxıstandan gəlmiş milli musiqi alətləri ansamblının ifası süslədi.
Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA Rəyasət Heyətinin akademik-katibi Nərgiz Axundova çıxış etdilər.
Sərginin qırmızı lenti kəsildikdən sonra muzeyin ikinci mərtəbəsindəki Şərq salonunda yerləşdirilmiş ekspozisiya ilk ziyarətçilərini qəbul etdi. Təbii ki, "Qızıl adam" hər kəsin diqqətini daha çox çəksə də, Qazaxıstan Milli Muzeyinin saxlancından gətirilmiş, qızıl və gümüşdən düzəldilmiş XIX-XX əsrə aid 170 zərgərlik sənəti nümunəsi ilə tanışlıq da maraqlı idi.
"Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri" sərgisinin açılışında ziyalılar, millət vəkilləri, digər muzeylərin əməkdaşları, tarixçi alimlər, ölkəmizdəki diplomatik korpusun nümayəndələri iştirak edirdilər.
Qeyd edək ki, sərgi iyul ayının 1-dək davam edəcək.
G.Mirməmməd
Mədəniyyət.- 2018.- 25 may.-
S.4.