Qürbətdə yazılan məktublar, Vətənə xoş gəldiniz!

 

 

 Bu gün əl ilə məktub yazmaq dəb deyil, yəni buna ehtiyac yoxdu deyə, dəbdən düşüb. Çünki bütün dünyada məktublar elektron variantda yazılır. Həm də elektron məktubların dünyanın bu başından o başına çatması bir göz qırpımı deyilən qədər zaman istəyir. Bu rahatlığın, operativliyin sayəsində bəşər övladı özünün yaratdığı yüksək texnologiyanın "köməyi ilə" XXI əsrdə öz epistolyar irsindən məhrum olur. Beləcə, mehriban ailələrin arxivində qorunan əsgər, tələbə məktubları, ezamiyyət və səfər təəssüratları, kənddən şəhərə, şəhərdən kəndə yollanan təbrik açıqcaları dönüb olur tarixi sənəd...

   Amma zamanında elə şəxsiyyətlərin əl yazısı ilə qələmə aldığı məktublar olub ki, həmin kağız parçaları ürəyin hərarətini, canın yanğısını, beyinin düşündüklərini köçürdüyü üçün əli qələm tutan hər kəsin məktub yazdığı dövrdə də unikal sənəd, epistolyar irs incisi idi, üstündən illər keçəndən sonra da. Altmış üç ildən sonra gerçək ünvanına yetişən məktublar kimi...…

   Hər birimizin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin həyəcanı ilə yaşadığımız dönəmdə sonuncusu 63 il öncə qürbətdən qürbətə yazılmış 29 məktub öz həqiqi ünvanına yetişdi. Mayın 16-da Məhəmməd Əmin Rəsulzadənin məktublarının Milli Azərbaycan Tarixi Muzeyinə təqdimat mərasimi keçirildi.

   İlk çıxış edən muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov məlumat verdi ki, muzeyə təhvil verilən bu qiymətli sənədlər Rəsulzadə ilə o zaman Türkiyədə Azərbaycan mühacirətinin görkəmli simalarından olan Süleyman Təkinərin bir-birinə yazdığı məktublardır. 1950-ci ilin fevralından başlayan bu yazışma Rəsulzadənin vəfatına qədər - 1955-ci ilin əvvəllərinədək davam edib.

   Aralarındakı yaş fərqinə baxmayaraq (o zaman M.Rəsulzadənin 66, S.Təkinərin 33 yaşı olub), onları dostlaşdıran Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq yanğısı, Azərbaycanın bir daha müstəqil olması naminə yorulmadan çabalar göstərmək istəyi olub. Ankaradan İstanbula, İstanbuldan Ankaraya qanadlanan həmin məktublar onların arasında ata-övlad münasibəti yaratsa da, Rəsulzadə yazdığı məktubları "Əzizim Süleyman bəy" xitabı ilə başlayar, hətta sonluqda ürək sızladan "Can Bakıdan salamlar" yazardı.

   Həmin məktubları bütün tədqiqatçılardan öncə oxumuş Fərhad müəllim bu qiymətli yazışmalarda indiyədək tarixçilərə məlum olmayan faktların, məsələn, Rəsulzadənin 1953-cü ildə "Amerikanın səsi" radiosuna məlum müsahibəsindən öncə də, 1952-ci ildə də belə bir müsahibə verdiyi barədə faktın yer aldığından danışdı. Ümumən isə, həmin yazışmalarda "Yeni bir 28 Mayısa qovuşa bilməyimiz üçün" Rəsulzadənin cavan silahdaşına hər bir vicdanlı mühacir üçün faydalı olacaq məsləhətlər, hətta 28 aprel tarixi ilə bağlı başsağlığı verdiyini xatırlatdı.

   Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Rəsulzadə ilə S.Təkinər arasında yazışmaların Milli Tarix Muzeyinin eksponatları sırasında yer almasının Cümhuriyyət dövrünün araşdırmaçıları üçün qiymətli tapıntı kimi dəyərləndirərək, həmin məktubları muzeyə təqdim edən Süleyman bəyin qohumlarına xüsusi təşəkkürünü bildirdi.

   Təqdimat mərasimində iştirak etmək üçün Almaniyadan Azərbaycana gəlmiş Süleyman Təkinərin qızı Leyla-Firəngiz Deqnar atasının Azərbaycan həsrətindən danışdı, Rəsulzadə ilə tanışlığı, görüşləri barədə ailəsində etdiyi söhbətləri xatırladı. Onun bir çox Azərbaycan mühacirlərinə qismət olmayan ikinci dəfə dövlət müstəqilliyimizə şahid olduğunu, ötən əsrin doxsanıncı illərində Vətənə gəlişindən könül rahatlığı tapdığını yada saldı.

   Məktubları Leyla-Firəngiz xanımın icazəsi ilə muzeyə təqdim etmiş Süleyman Təkinərin böyük qardaşının kürəkəni Rauf Həsənov Böyük vətən müharibəsi zamanı cəbhədə itkin düşmüş və sonrakı taleyi barədə heç bir məlumatın olmadığı Süleyman bəyi 1986-cı ildə Almaniyadan necə tapmaqlarından, onun yarım əsrdən daha çox həsrətini çəkdiyi Bakıya gəlişindən söhbət açdı, Almaniyadakı həyatı barədə qardaşı qızına yazdığı məktubu oxudu.

   Cümhuriyyət dövrünün araşdırmaçısı, filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadə muzeyə təqdim edilən sənədlərin Azərbaycan tarixinə dair tədqiqatların aparılmasında daha bir maraqlı və qiymətli mənbə olaraq əhəmiyyətindən danışdı.

   Tədbirin sonunda Süleyman Təkinərin ailə üzvlərinə Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyi şərəfinə təsis edilmiş xatirə medalı və muzeyin bir sıra elmi nəşrləri, ailə üzvləri tərəfindən də bu işdə əməyi keçən muzey işçilərinə xatirə hədiyyələri təqdim edildi.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 25 may.- S.12.