Səni kim
unudar...
Mikayıl Müşfiq-110
Qələm əhlinin ömrü kitablarının, hafizələrdə yaşayan misralarının ömrü qədərdir. Ona görə də ömürlərini susduran hökmlər, onlara açılan qəfil güllələr gücsüz və gülünc görünür. Nakam şairimiz Mikayıl Müşfiq də mənəvi ömrü əsrləri adlamaq gücündə olan söz sənətkarlarımızdandır.
Müşfiq
fitri istedad sahibi, sözün əsl
mənasında, qəlbin, ruhun şairidir. O, həyat sevgisi,
coşqun poeziyası, yaşı ilə uyuşmayan müdrikliyi ilə
xalqına bağlı söz sərrafı
idi. 30 illik
ömrünə əsl sənət xəzinəsi
sığdıran Müşfiq həm də
poeziyası ilə nəğməyə dönüb.
Bu il incə ruhlu şairin anadan olmasının 110 illiyi qeyd olunur.
Mikayıl Müşfiq 5 iyun 1908-ci il tarixində
Bakıda ziyalı ailəsində anadan olub. İki aylığında anasını, altı yaşında isə atasını itirib. İbtidai təhsilini rus-tatar məktəbində alıb,
Azərbaycan Dövlət
Universitetinin (indiki
BDU) Dil-ədəbiyyat fakültəsini
bitirib. Yeddi il Bakının
orta məktəblərində
müəllimlik edən
şairin son iş yeri olan 18 saylı
məktəb hazırda
onun adını daşıyır.
Məktəbli çağlarından bədii yaradıcılığa
başlayan şairin
"Bir gün" adlı şeiri 1926-cı
ildə "Gənc işçi" qəzetində
dərc olunub. "Küləklər" adlı ilk kitabı isə 1930-cu ildə çapdan çıxıb.
O, bədii tərcümə
ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə
beş tərcümə
kitabı nəşr edilib.
"Qara yel" əsdi...
30-cu illərin
məşum repressiyaları
insan qəlbinin azadlığını, xalqının
milli ruhunu yüksək poetik ifadələrlə tərənnüm
edən Müşfiqdən
də yan keçmədi. Tədqiqatçılar haqlı olaraq söyləyirlər ki, şairin qəlbində həmişə bir səksəkə varmış.
Əgər belə olmasaydı,
o, 1935-ci ildə "Necə
əl çəkim"
şeirini niyə qələmə alırdı.
Müşfiq sanki sövq-təbii
duyurmuş ki, onun açılan yelkənini bağlayacaq qara yellər tezliklə əsəcək.
Mətbuatda haqqında təhqir,
böhtan dolu kəskin tənqidi məqalələr dərc
olunur. Yazıçıların
növbəti plenumunda
isə ona əksinqilabçı damğası
vurulur və şair 1937-ci il
iyunun 4-də evində
həbs edilir. İttihamda nələr vardı: sovet quruluşunun düşməni,
pantürkist, panislamist,
daha nələr, nələr... Əlbəttə, repressiya tufanının
apardığı yazıçı
və şairlərdən
heç kəs silahlı üsyan hazırlamamışdı. Lakin böyük həqiqət ondadır ki, onlar Azərbaycan
Xalq Cümhuriyyətinin
qısa dövründə
azadlığın sevincini
dadmışdılar və
Vətənin müstəqilliyinin
əbədi olmasını
arzulayırdılar...
"Dostdan, aşinadan necə əl çəkim",
- deyən, böyük
ideallarla yaşayan Müşfiq 1938-ci il yanvarın 6-da cəmi
15-20 dəqiqə sürən
məhkəmənin hökmü
ilə ölümə
məhkum edilir və "Qanlı ada" kimi yaddaşlarda həkk olunan Nargin adasında
qətlə yetirilir. Amma bədxahlar Müşfiqi fiziki məhv etməklə onu xalqın yaddaşından,
bütövlükdə Azərbaycan
ədəbiyyatı tarixindən
silməyə çalışsalar
da, o, yaşadı, əbədi ömür qazandı.
Dövrün baş cəlladı
İ.Stalin 1953-cü ildə
öldükdən sonra
ölkə şəxsiyyətə
pərəstişin dəhşətlərindən
özünə gəlməyə
başladı. Azərbaycanın məşhur yazıçıları
M.Müşfiqin "cinayət"
işinə yenidən
baxılması barədə
müraciət etdilər.
1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin
hərbi kollegiyasının
qərarına əsasən
şairə bəraət
verildi.
Əslində, Müşfiq o dövrün
ab-havasından onu nələrin gözlədiyini
duymuşdu. Buna görə
də sanki cəlladlardan aman istəyir, yaradıcılığının
çiçəklənəcəyini vurğulayırdı:
Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış
bir hilalım var.
Yelkənim açılır, qara yel, əsmə,
Mənim bu dünyada bir sandalım var...
Hər yerdə düzələn
toy-büsat mənəm,
Ulduzlarla edən ixtilat
mənəm.
Mənim azadlığım qucağa
sığmaz,
Yer mənəm, göy
mənəm, kainat mənəm.
Müşfiqin ailəsi də
repressiya qurbanına çevrildi. Həyat
yoldaşı Dilbər
Axundzadə təkadamlıq
kamerada ağır işgəncələrdən sonra
əsəb sarsıntısı
keçirdi, ruhi xəstəxanaya yerləşdirildi...
Ürək yanğılı şeirlər
Bu dünyada şair çoxdur: dahi şairlər, istedadlı şairlər,
nakam şairlər və s. Müşfiqi onların hər birinə aid etmək olar. Müşfiq şeirin özü
idi. İlk misrasından son misrasınacan
poeziya mücəssəməsi
idi. Səmimiyyətlə
dolu poeziyası barədə şair özü müasirlərinə
müraciətlə yazırdı:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa.
El kəsib qarşımı burdaca sordu:
Gözdən yaş çıxarmı
ürək yanmasa?
Məhz ürəklə yazdığına görədir
ki, şeirləri bir əsrə yaxındır qəlblərdə
yaşayır. Axı
həm də bu onun bir
şair kimi ən böyük arzusu idi:
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah, bu qəmli dəyişmə
yaman zülümdür.
Şeirim! Bu gülünc oyun bəllidir yarın,
bizi
də bəklər,
Sən də öl mənim kimi, fəqət məzarın
olsun
ürəklər!
Mikayıl Müşfiq yaradıcılığı
gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik
hislərinin tərbiyəsində
əvəzsiz xəzinədir.
Hansı şeir nümunəsi müəllifin
"Oxu, tar" harayına
çata bilər?! Müşfiqin "Oxu, tar" harayı
qəlbində Vətən
sevgisi, milli musiqi sevdası olan hər bir
insanı riqqətə
gətirməyə qadirdir.
Oxu, tar, oxu, tar!
Səsindən
ən lətif şeirlər dinləyim,
Oxu, tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!..
Milli adət-ənənələrə
meydan verilmədiyi bir dövrdə bu ruhda şeir
yazmaq müəllifdən
böyük cəsarət
istəyirdi. Bu elə bir dövr
idi ki, yenilik
şüarı altında
milli musiqi alətlərimiz gözdən
salınırdı. Qorqud yadigarı
sazımıza nifrət
aşılanır, tarın
ortadan götürülməsi
təklifləri irəli
sürülürdü. Böyük istedada və ürəyə malik Müşfiq isə milli mədəniyyətə
bütün varlığı
ilə bağlı idi. Onun "Sındırılan saz" poeması və "Oxu, tar" şeiri məhz milli musiqi alətlərini
böyük cəsarətlə
müdafiəyə qalxan
gözəl sənət
incilərindəndir.
M.Müşfiq gələcəyimiz olan uşaqları çox sevirdi. Onların xoşbəxt yaşamalarını
ürəkdən arzulayır,
onlar üçün
maraqlı əsərlər
qələmə alırdı.
Şair zəmanəmizin ən dəyərli, sevilən uşaq şairi kimi də ədəbiyyat
tariximizdə iz qoyub. Şairin "Şəngülüm, Şüngülüm,
Məngülüm", "Kəndli və ilan" mənzum nağılları, "Qaya"
poeması və s. əsərləri uşaq
ədəbiyyatımızın bənzərsiz nümunələrindir.
Söz gülüstanı
Klassik Şərq poeziyasına
dərin məhəbbət
bəsləyən şair
eyni zamanda Qərbi Avropa ədəbiyyatına da maraq göstərirdi.
Onun şeirlərində dünyanın
bütün xalqlarına
böyük rəğbət,
ədəbiyyatına məhəbbət
var. Millilik və bəşərilik prinsipi
onun yaradıcılığından
qırmızı xətlə
keçir. Buna görə də müəllifin yaradıcılığı
rəngarəng söz,
fikir gülüstanıdır.
Müşfiqin yaradıcılığı dilinin zənginliyinə görə müasirlərindən
seçilir. Sözə hakim, sözü məharətlə
yerində işlətməyi
bacaran, obrazlı dilə malik şairin poeziyası həmişə müasirdir.
Oxucuların bədii zövqünün
cilalanmasında Müşfiq
şeriyyətinin ayrıca
yeri var. Onun poeziyası ruhlara bir sərinlik gətirir. Müşfiq poeziyası, sözün
həqiqi mənasında,
xəlqi poeziyadır.
Xalq ruhunun, xalq mənəviyyatının
poetik inikasına çalışan Müşfiq
"Tərtərhes nəğmələri"ndə
xalqa, torpağa bağlı olmayanlar haqqında yazırdı:
Həqiqəti
görməyənin,
Elə könül verməyənin
Batsın adı-sanı, şair!
Elə könül verən
şairi, təbii ki, xalqımız bu gün sevə-sevə
qəlbində yaşadır.
M.Müşfiq həm də məğrur, dürüst şəxsiyyət kimi yaddaşlarda qalıb. O, ilk növbədə vətənini, xalqını, millətini, el-obasını, soykökünü sevən, ona bağlı olan bir vətəndaş-şairdir. Müşfiq həm də ölümün gözünə dik baxanlardan idi. Həbs müddətində bütün amansız əzab-əziyyət, işgəncələrə, psixoloji təsirlərə rəğmən öz ustadı, müəllimi olan Hüseyn Cavidə, Əhməd Cavada dönük çıxmadı, onları satmadı. Belə möhkəm xarakterə malik şair məhz mərdlik və humanizm aşılayan yaradıcılıq irsi qoyub getməli idi...
Fikirlərimizi şairin 1931-ci il yanvarın 27-də qələmə aldığı bu sətirlərlə bitirmək istərdik: "İnsanın ömrü bir çiçəyin ömründən daha qısadı. Çiçək solur və tökülürsə, bu gün gülən, sevilən və sevdiyinin xəyalı ilə yaşayan bir insan da sabah bütün istək və arzularına əlvida edərək həmişəlik gözlərini yummağa məhkumdur. Kim bilir, bəlkə də qəbrinin üstündə yaşıl otların belə göyərmək ehtimalı yox! Lakin bu heç də qorxulacaq bir şey deyildir"...
Ona görə qorxulacaq deyil ki, yaxşı əməllər, zəngin və mənalı yaradıcılıq qoyub gedənlər onsuz da xalqın qəlbində taxt qururlar. Şairi sevənlər həm də onu unudulmağa qoymurlar. Ruhun şad olsun, məsud şairimiz! Səni kim unudar!...
Aynurə
Əliyeva
Mədəniyyət.- 2018.- 25 may.-
S.13.