Parisdə Azərbaycan gecəsi

 

 

   Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan gecəsi keçirilib.

   Qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş fotovideo materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, "İstiqlal Bəyannaməsi"ni əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

   "Opera" salonunda təşkil olunmuş ziyafəti Alen Tremolyer fransız dilində "Azərbaycan" şeiri ilə açıb. Fransız musiqiçilər Azərbaycanın və Fransanın dövlət himnlərini səsləndiriblər.

   Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev çıxış edərək dünyanın hər yerində azərbaycanlıların 28 Mayı Respublika Günü kimi qeyd etdiklərini bildirib, Cümhuriyyətin tarixindən bəhs edib.

   Ziyafət Əməkdar artist İsfar Sarabskinin və tarzən Şəhriyar İmanovun ifasında musiqi proqramı ilə davam edib.

   Tədbir çərçivəsində ziyafət və sərgi salonlarında böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.

   Qonaqlar Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, eləcə də Bakının "Ekspo 2025" Ümumdünya Sərgisinə namizədliyinin təşviqinə dair nəşrləri ilə tanış olublar.

   Nəşrlər arasında Fransa Milli Assambleyasının "Le Journal du Parlement" jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş xüsusi nömrəsi də təqdim olunub.

   Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, mətbəxinə dair nəşrləri hədiyyə edilib.

 

Mədəniyyət.- 2018.- 25 may.- S.16.