Üçrəngli bayrağınla məsud
yaşa!
Cümhuriyyətin 100 illik
yubileyi münasibətilə təntənəli
konsert keçirilib
Mayın 28-də Bakı Kristal
Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə
həsr edilən təntənəli konsert keçirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
Əliyeva və ailə üzvləri konsertdə olublar.
Heydər Əliyev Fondunun dəstəyi
ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması, ötən 100 il ərzində
respublikamızın müxtəlif sahələrdə əldə
etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil,
güclü və inkişaf etmiş ölkələr
sırasında layiqli yerini tutması ideyası üzərində
qurulub.
Hər bir azərbaycanlı
üçün əziz olan bu bayram günündə Bakı
Kristal Zalında sənət adamlarının
çıxışları dövlətimizin
gücünü, vətəndaşların dövlətə
bağlılığını, xalq sevgisini və qürur
hissini bir daha əyani təzahür etdirib.
Xalq artisti Alim Qasımov və
Əməkdar artist Fərqanə Qasımovanın ifasında "Qarabağ
şikəstəsi", "Natiq" ritm qrupunun "Sarı
gəlin" kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin
"Koroğlu" operasından uvertüra, habelə Qara
Qarayevin "Yeddi gözəl", Fikrət Əmirovun
"1001 gecə", Arif Məlikovun "Məhəbbət əfsanəsi"
baletlərindən rəqslər, xalq artistləri Azərin,
Zülfiyyə Xanbabayeva və Samir Cəfərovun
ifalarında "Ey Vətən", "Şuşanın
dağları" və "Neftçilər"
mahnıları böyük maraqla dinlənilib.
Xalq artistləri Aygün
Kazımova, Azər Zeynalov, Emin, Elçin Əzizov, əməkdar
artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə
Ağayeva, Miri Yusif və Röyanın, "Rast" qrupunun,
Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi
hərbi orkestrinin çıxışları bayram təntənəsi
yaşadıb.
Proqramdakı musiqi nömrələri,
rəqslər Azərbaycanın zəngin tarixinə bir daha hərtərəfli
nəzər salmağa imkan yaradıb.
Təqdirəlayiq haldır ki, 100
il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan
özünün azad yaşamaq, müstəqil dövlət
qurmaq hüququnu bütün dünyaya bəyan etdiyi kimi,
hazırda da şərəfli tarixini, parlaq nailiyyətlərini
və qüdrətini dünyaya nümayiş etdirir.
Müstəqil Azərbaycan hər
bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.
Bugünkü Azərbaycan
Xalq Cümhuriyyətinin
qurucularının arzuladığı qüdrətli dövlətdir.
Ulu öndər Heydər
Əliyevin dediyi kimi,
müstəqilliyimiz əbədi, dönməz və daimidir.
Tədbirdə
ümummilli lider Heydər
Əliyevin Xalq şairi
Səməd Vurğunun "Azərbaycan"
şeirini səsləndirdiyi videoçarx da nümayiş olunub.
Eyni zamanda tədbirdə Bakı Media
Mərkəzi tərəfindən Cümhuriyyətin 100 illiyi ilə əlaqədar
hazırlanmış videoçarxlar da nümayiş etdirilib.
Sonda birlik və həmrəylik, müstəqilliyimizin
əbədiliyinə qəti inam rəmzi olaraq incəsənət ustaları
hamılıqla səhnəyə çıxaraq Azərbaycanın
dövlət himnini oxuyublar.
İki saata yaxın davam edən konsert proqramında ümumilikdə 600-dən çox ifaçı iştirak
edib. Konsert Dənizkənarı
Milli Parkda
quraşdırılmış monitorda birbaşa yayımlanıb. Tədbirin sonunda Dənizkənarı Milli
Parkda bayram atəşfəşanlığı
olub.
Mədəniyyət.- 2018.- 30 may.- S.8.