Müasir Azərbaycan Cümhuriyyətin varisidir

 

   Mayın 25-də Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında həmin rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı tədbir keçirildi.

   Dövlət himni səsləndirildikdən sonra kitabxananın oxu zalının müdiri Alina İsmayılova çıxış edərək Xalq Cümhuriyyətinin dövlətçilik və ictimai-siyasi fikir tariximizdə rolundan danışdı. Bildirdi ki, Cümhuriyyət cəmi 23 ay yaşamasına baxmayaraq, tariximizdə dərin iz qoyub. 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan 1918-1920-ci illərdə mövcud olan Xalq Cümhuriyyətinin varisidir. Nərimanov rayon 178 saylı məktəbin tarix müəllimi Şəhla Talıbova çıxış edərək Cümhuriyyətin yaranmasından və fəaliyyətindən söz açdı. Qeyd etdi ki, Xalq Cümhuriyyəti eyni zamanda Türk-İslam dünyasında ilk hüquqi və dünyəvi dövlət olub.

   Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov 15 sentyabr 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad olmasından danışdı. Qeyd etdi ki, bu qələbədə əvəzsiz xidmətləri olan Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyət dövrü qısa olsa da, gördüyü işlərin böyük tarixi əhəmiyyəti var. Adından da göründüyü kimi, vəzifəsi Azərbaycanı və Cənubi Qafqazın müsəlman xalqlarını əsarətdən xilas etmək olan bu ordunun himayədarı Ənvər paşa, komandirləri Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları idi.

   Çıxışlardan sonra Nərimanov rayonu 178, 64, 200, 39, 159, 47 saylı məktəblərin şagirdlərinin ifasında C.Novruzun "Sevin Azərbaycanı", Ə.Cəmilin "Vətən", M.Etimadın "Yaşa, yaşa, Azərbaycan", B.Vahabzadənin "Bayraq", N.Həsənzadənin "Azərbaycan" və s. şeirlər səsləndi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 30 may.- S. 6.