"Əmək,
istirahət və xəyallar..."
Ötən əsrin 60-80-ci illəri
rəssamlarımızın əsərlərində
"YARAT" Müasir İncəsənət
Mərkəzində "Əmək, istirahət və xəyallar:
1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri
ilə" adlı sərgi açılıb.
Mərasimdə sərginin kuratoru Suad Qarayeva-Maleki ekspozisiyada Azərbaycanın görkəmli rəssamlarının
ötən əsrin 60 və 80-ci illərinə aid 65 əsərinin yer
aldığını diqqətə çatdırıb. Bildirib ki, sərginin
adı o dövrün
insanlarının həyatının mahiyyətini əks etdirir. Onlar işləyiblər,
istirahət ediblər, xəyala dalıblar: "Sərgidə
əsərləri nümayiş edilən
rəssamlar sosialist realizminin
doqmatik göstərişlərindən kənara
çıxmaqla, öz fərdi
üslublarını işləyib hazırlayıblar. Bu üslub açıq
tonların tətbiqi baxımından unikal
olmaqla yanaşı, obyektlərin əks
etdirilməsi, yaxmaların qətiyyəti, folklor
elementlərinin istifadəsi ilə fərqlənir".
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd edib ki,
1960-1980-ci illər Azərbaycan rəngkarlıq sənətinin
çiçəklənmə dövrü
sayılır.
Sonra qonaqlar sərgi
ilə tanış olublar.
Sərgidə Azərbaycanın görkəmli
fırça ustaları - Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tağı
Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Cavad Mircavadov, Əşrəf Murad,
Mahmud Tağıyev, Nadir
Əbdürrəhmanov, Xalidə Səfərova, Rasim Babayev, Nadir Qasımov, Toğrul Nərimanbəyov,
Gennadi Brijatyuk, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Eldar Qurban,
Tahir Salahov, Fərhad
Xəlilov, Altay Sadıqzadə və Qəyyur
Yunusun əsərləri nümayiş
olunur.
Sərgi 2019-cu il yanvarın 6-dək
davam edəcək.
Mədəniyyət.- 2018.- 30 may.- S. 7.