"Cümhuriyyət
tələbələri" sənədli filminin
təqdimatı keçirildi
Mayın 29-da Nizami Kino
Mərkəzində Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə
"Cümhuriyyət tələbələri" sənədli
filminin təqdimatı keçirildi.
Filmin nümayişindən əvvəl nazirliyin
Kino yaradıcılığı və
filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov çıxış edərək bildirdi ki, bu
günlər Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinin
keçirilməsi bütün vətəndaşlarımızda
qürur hissi
yaradır. Qeyd olundu
ki, Cümhuriyyətin 100 illiyi
ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama
uyğun olaraq
hazırlanan tədbirlər planı çərçivəsində
Mədəniyyət Nazirliyi müxtəlif
layihələr həyata keçirib. Onlardan biri də bu gün təqdim edilən
sənədli filmdir.
Diqqətə çatdırıldı ki,
dövlət sifarişi əsasında
"Salnamə" studiyasında çəkilən ekran əsəri Xalq
Cümhuriyyəti dövründə təhsil almaq
üçün xaricə göndərilən
tələbələrə həsr olunub.
Sektor müdiri qeyd etdi ki,
bu mövzuya sovet dövründə müəyyən qədər
müraciət olunub, lakin
o filmlərdə mövzu
mövcud ideologiyaya uyğun göstərilirdi. Bu
mövzuya 80-ci illərin ikinci
yarısında geniş şəkildə
müraciət edilməyə başlanıldı. Zaur Məhərrəmov, Xamis
Muradov və başqa rejissorlar filmlər ərsəyə gətirdilər.
"Cümhuriyyət tələbələri" filmi qısa zamanda çəkilən
filmdir və Cümhuriyyətin bu səhifəsini ekranda əbədiləşdirir.
Filmin rejissoru Tahir Əliyev ekran əsərinin
ərsəyə gəlməsində köməyi keçən
Ramiz Abutalıbova xüsusi
təşəkkürünü bildirdi.
Vurğuladı ki, "Salnamə"
studiyasında artıq 10 ilə yaxındır ki,
bu mövzuda filmlər
çəkilir. Filmdə 102 tələbənin Avropaya oxumaq üçün göndərilməsində əməyi
olan insanlar haqqında
məlumatlar yer alıb. Ekran
əsərində həmin tələbələrin taleyinə
işıq salmaq mümkün
olmasa da, onlar haqqında ümumi məlumat
yer alır. Təxminən 30 dəqiqə
xronometrajı olan filmdə zəngin arxiv materiallarından istifadə edilib.
Daha sonra film nümayiş
olundu. Filmin ssenari müəllifi
Dilqəm Əhməd
və Tahir Əliyev, operatoru Əminə Həsənli,
bəstəkarı Azər
Hacıəsgərli, baş
məsləhətçisi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.
Lalə
Azəri
Mədəniyyət.- 2018.- 30 may.- S. 2.