Cümhuriyyət
xalqımızın milli mənlik şüurunu özünə qaytarıb
Salyan şəhərində Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi
Mayın 25-də Əli bəy Hüseynzadə adına Salyan Rayon
Tarix-Diyarşünaslıq Muzeyində "İstiqlal
aşiqi" adlı dəyirmi masa keçirildi. Tədbir
görkəmli mütəfəkkir, ədib, rəssam, ictimai xadim, Cümhuriyyət
ideologiyasının banilərindən Əli bəy
Hüseynzadəyə (1864-1940) həsr olunmuşdu.
Mərasim "Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Prezident
İlham Əliyevin 16 may
2017-ci il tarixli sərəncamına
əsasən Mədəniyyət Nazirliyi,
Azərbaycan Milli Kitabxanası və Salyan Rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə gerçəkləşdi.
Tədbir iştirakçıları Əli bəy
Hüseynzadənin abidəsini ziyarət etdikdən sonra böyük mütəfəkkir
və Cümhuriyyətin qurucuları haqqında kitablardan ibarət sərgi ilə tanış
oldular. Sərgidə Əli bəy
Hüseynzadənin Türkiyədən gətirilərək Azərbaycan
İstiqlal Muzeyinə hədiyyə olunmuş şəxsi əşyalarının
fotoları da nümayiş
etdirilirdi.
Tarix-diyarşünaslıq muzeyində başlayan
tədbirdə əvvəlcə dövlət himnimiz
səsləndirildi. Salyan Rayon İcra
Hakimiyyətinin başçısı Sevindik
Hətəmov giriş sözündə
Azərbaycan Xalq Cümhuriyyətinin
dövlətçilik tariximizdə önəmli mövqeyindən
danışdı. Vurğuladı ki,
ölkəmiz XX əsrdə ikinci dəfə
müstəqillik əldə etdikdən sonra
Azərbaycanın müasir bir dövlət kimi
inkişafı ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır.
Milli Kitabxananın direktoru
Kərim Tahirov Cümhuriyyətin dövlətçilik
tariximizdə müstəsna əhəmiyyətini qeyd etdi. Bildirdi
ki, Xalq Cümhuriyyəti
müstəqil Azərbaycanın qurulması üçün
bünövrə rolunu oynayıb.
Mədəniyyət naziri
Əbülfəs Qarayev tədbirdə
çıxış edərək müsəlman Şərqində
ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması yolunda
keçilən çətin və şərəfli yoldan söz açdı.
Bildirdi ki, Azərbaycan
tarixinin parlaq səhifələrindən
olan Xalq Cümhuriyyəti
qısa müddət yaşamasına baxmayaraq,
böyük uğurlara
imza atıb. Azərbaycanın
ilk parlamenti və
hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib,
bayrağı, himni və gerbi
yaradılıb, ana dili
dövlət dili elan olunub, dövlət quruculuğu
sahəsində ciddi tədbirlər həyata
keçirilib.
Nazir bildirdi ki, Prezident İlham
Əliyevin sərəncamına əsasən Cümhuriyyətin
100 illik yubileyi ölkəmizdə
və onun hüdudlarından kənarda geniş qeyd olunur. Mədəniyyət Nazirliyi tərəfindən də bu münasibətilə silsilə tədbirlər
təşkil olunur. Əbülfəs Qarayev vurğuladı ki,
1920-ci ildə ölkəmiz işğal olunduğu üçün
Azərbaycan Xalq Cümhuriyyəti
qarşıya qoyduğu məqsədlərə
tam müvəffəq ola
bilməyib. Bununla belə,
xalqımız müstəqillik ruhunu yaşadaraq 1991-ci ildə öz
istiqlalına yenidən qovuşub. Müstəqil
Azərbaycan Cümhuriyyətin varisi kimi öz inkişaf
yolunu seçib. Ümummilli lider Heydər Əliyevin
respublikada uğurla
gerçəkləşdirdiyi siyasət xalqımızın
tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib.
Nazir Əli bəy Hüseynzadənin ölkəmizin fikir tarixində önəmli şəxsiyyətlərdən
olduğunu vurğuladı. Qeyd etdi ki,
Əli bəyə məxsus əşyalar, sənədlər
ötən il ədibin qızı Feyzavər
Alpsar tərəfindən ölkəmizə
hədiyyə edilib. Prezident
İlham Əliyevin sərəncamı ilə
Feyzavər xanım "Dostluq" ordeni ilə təltif olunub.
Əbülfəs Qarayev daha sonra Əli bəy
Hüseynzadənin müəllifi olduğu
rəsm əsərini rayon
Tarix-diyarşünaslıq muzeyinə verilməsi üçün Salyan Rayon İcra Hakimiyyətinin
başçısı Sevindik Hətəmova
təqdim etdi.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov
çıxışında Şərqin böyük
elm xadimi, Azərbaycan
Xalq Cümhuriyyətinin ideoloqlarından Əli
bəy Hüseynzadənin türkləşmək, islamlaşmaq, müasirləşmək ideoloji triadasının müəllifi olduğunu vurğuladı. Qeyd
etdi ki, Əli bəy
Azərbaycanda və bütün Türk dünyasında geniş
tanındığından onun irsi türkdilli ölkələrdə
həvəslə öyrənilir.
Milli Məclisin deputatları Fəzail Ağamalı, Əliağa
Hüseynov, Təfəkkür Universitetinin rektoru Rahib Hüseynov
çıxışlarında Cümhuriyyətin 23 aylıq fəaliyyəti
dövründə xalqımızın milli
mənlik şüurunu özünə
qaytardığını, onun öz müqəddəratını təyin
etməyə qadir olduğunu
əyani şəkildə nümayiş etdirdiyini vurğuladılar. Qeyd
olundu ki, Cümhuriyyətin
irsinin öyrənilməsi,
araşdırılması və gələcək nəsillərə
çatdırılması təqdirəlayiqdir.
"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Əli
bəy Hüseynzadənin həyat və
yaradıcılığından, mübarizə yolundan geniş
danışdı. Qeyd etdi
ki, Əli bəy türk
millətinə milli kimliyini
aşılayan ilk böyük
şəxsiyyətlərdəndir. O, "Türklər kimdir və kimlərdən ibarətdir?" məqaləsi
ilə türk xalqlarının etnoqrafik xəritəsini cızıb. Gənc
yaşlarından bədii yaradıcılıqla məşğul
olub, Əhməd bəy Ağaoğlu
ilə birlikdə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi
sayəsində "Həyat" qəzetini, "Füyuzat" jurnalını nəşr etdirib.
Sonda Əli bəy Hüseynzadəyə məxsus əşyaların
və sənədlərin Türkiyədən ölkəmizə
gətirilərək İstiqlal Muzeyinə
verilməsində xüsusi xidmətlərinə
görə mədəniyyət naziri Əbülfəs
Qarayevə, görkəmli ədibin irsinin
öyrənilməsinə və əsərlərinin nəşrinə
verdiyi dəstəyə görə Təfəkkür
Universitetinin rektoru Rahib Hüseynova "Əli
bəy Hüseynzadə" mükafatı təqdim olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2018.- 30 may.- S. 3.