Böyük istiqlal bəstəkarı

 

Mayın 25-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın Azərbaycan Xalq Cümhuriyyəti illərindəki fəaliyyətinə həsr edilmiş "O, böyük istiqlal bəstəkarı idi" adlı tədbir keçirildi.

  

   Tədbiri ev-muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Üzeyir bəyin Cümhuriyyət dövründəki jurnalist fəaliyyətindən danışdı. Bildirdi ki, Cümhuriyyətin himninin musiqisini bəstələyən dahi bəstəkar həm də güclü bir jurnalist kimi də tanınıb. Onun redaktoru olduğu "Azərbaycan" qəzeti səhifələrində yüzdən artıq felyeton, hekayə və məqaləsi dərc olunub. Müəllif bu məqalələri "Hacıbəyli Üzeyir", "Üzeyir", "Ü.Hacıbəyli və digər imzalarla yazıb.

   Professor Solmaz Rüstəmova-Tohidi XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişafında Üzeyir Hacıbəylinin xidmətlərindən danışdı. Qeyd etdi ki, Üzeyir bəy "Azərbaycan" qəzetində "Ordan-burdan", "O yan-bu yan" rubrikası altında xeyli felyeton dərc etdirib. O, "Bazar söhbəti", "Məzhəkə", "Təhsil" kimi satirik hekayələrini, "Rəfiqimdən məktub", "Üçüncü dəllək", "Məclisimizin duzu", "Tərəqqi və gerilik", "Ha fikir edirəm, başa düşmürəm!" kimi felyetonlarını dövrün problemlərinə həsr edib. Məqalələrində Bakı Şəhər Dumasının "fərsiz deputatlar"nı rüsvay edib.

   Daha sonra Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, professor Telman Ağdamski və başqaları çıxış edərək Ü.Hacıbəylinin çoxcəhətli yaradıcılığından danışdılar. Qeyd olundu ki, "Azərbaycan" qəzetinin 25 aprel 1920-ci il tarixli nömrəsində Üzeyir bəyin "Surna" başlıqlı felyetonu dərc edilib. Bu onun milli qəzetdə son yazısı hesab olunur. Sözügedən felyetonun Cümhuriyyətin süqutuna 3 gün qalmış dərc olunması Üzeyir Hacıbəylinin Azərbaycanın istiqlalına və müstəqillik ideallarına sona qədər sadiq qaldığını bir daha göstərir.

   Çıxışlardan sonra Əməkdar artist Yaqub Zurufçunun ifasında bəstəkarın "Sevgili canan" romansı və "Aytam" Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvləri tərəfindən ədibin felyetonları səsləndirildi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 30 may.- S. 4.