“Əlahəzrət”in
görüşünə gedə bilərsiniz
Bir müdrik adam deyib ki, bütün çiçəklərə seçilmək şansı verilib. Məsələn, lalə şux rəngi, kol dibinə sığınan bənövşə ətri ilə diqqəti çəkir. Ətir və rəng baxımından Yaradanın tamarzı qoymadığı təkcə qızılgüldür ki, o da çiçəklərin şahıdır. Bəs niyə tikanlıdır? Ona görə ki, gözəllik aşiqi olmayan, bir damla qanından qorxan əlahəzrətdən uzaq gəzsin...
Mayın 29-da Mərkəzi Nəbatat Bağında qızılgül sərgisi açıldı. Abşeronun təqvimdən daha çox xəzri-gilavara tabe olan havası artıq ənənəyə çevrilmiş bu sərginin təşkilatçıları və ziyarətçiləri ilə bir az sərt davransa da, sərgiyə elə ilk saatlardan maraq az deyildi. İlk baxışda çoxumuz üçün yalnız rəng ilə bir-birindən seçilən qızılgüllərin çeşidli cəhətləri nə qədərmiş...…
Bağın içində bir neçə yerdə əməkdaşların qayğısını çəkdiyi, sortunu yaxşılaşdırdığı və icad etdiyi qızılgüllərdən ibarət sərgi həm daimidir, yəni əkilmiş kol şəklində, həm də müvəqqəti, yəni masaların üstündə zərif güldanlara qoyulduğundan. Adların yazıldığı lövhələrə diqqətlə baxmaq, ətrini qoxulamaq kifayətdir ki, sortların fərqini biləsən. Amma fərqlər elə bununla bitmir ki!
Fərqləri üçgünlük sərginin şərəfinə təşkilatçıların iltifatla qapısını bizə açdığı təcrübə sahəsində bağın çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərovdan öyrənirik.
- Qızılgül yeganə dekorativ bitkidir ki, baharın əvvəlindən payızın sonunadək, qar yağmasa, hətta qışda da gül açır. Dünyada seleksiya yolu ilə 50 minədək qızılgül sortu yetişdirilsə də, Azərbaycanda dekorativ bitkilərin seleksiyasına 2006-cı ildən başlanılıb. Düzdür, mən introduksiya ilə, yəni bitkinin xaricdən gətirilərək yerli şəraitə, iqlimə uyğunlaşdırılması ilə ötən əsrin 70-ci illərindən maraqlanmışam. Gördüyünüz təcrübə sahəsində bu üsulla 575 sort qızılgül becəririk. Sadəcə, bütün sortlar dərhal yaranmır. Onların arasında yalnız 120 sortu yaşıllaşdırma üçün tövsiyə etmək olar. 120 sortdan da 31-nin yeni genotip olduğunu müəyyən etmişik. Kənd Təsərrüfatı Nazirliyi yanında Sortların sınağı və mühafizəsi üzrə dövlət komissiyasından 3 sortun patentini və müəlliflik şəhadətnaməsini almışam. Ötən il komissiyaya daha 7 sortun adını və sənədlərini təqdim etmişəm. İşlərimiz isə davam edir. Bu sortların hamısının sertifikatını aldıqdan sonra beynəlxalq sərgilərdə Azərbaycan qızılgülü adı ilə iştirak edə bilərik. Çünki tarixən Azərbaycandakı qızılgül növləri təbii yolla, yabanıdan mədəni kultivasiyaya keçməklə yaranıb. Düzdür, qızılgül yetişdirilib, ondan yağ alınıb, kulinariyada istifadə edilib, dekorativ bitki kimi əkilib, lakin sortların yaxşılaşdırılması üzərində taxılçılıq, meyvəçilik və tərəvəzçilikdə olduğu kimi iş aparılmayıb.
Asəf müəllimlə qızılgüllər haqqında çox danışdıq. Amma ən yaxşısı, öz gözünlə görməkdir. Sərgi mayın 31-dək davam edəcək. Əlahəzrət qızılgül ilə görüşmək şansını qaçırmayın.
Gülcahan
Mirməmməd
Mədəniyyət.-
2018.- 30 may.- S.12.