"Azərxalça"nın
filiallarında yeni xalçalar
kəsilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) bütün filiallarında yeni xalçaların kəsilməsi ilə qeyd olunub.
Ağstafa filialında bu münasibətlə keçirilən tədbirdə "Azərxalça" ASC-nin sədri Vidadi Muradov iştirak edib.
Filialın direktoru Raya Eyyubova məlumat verib ki, Qazax qrupuna aid olan bu xalça Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ithaf olunub. Türkçülük rəmzlərini özündə əks etdirən naxışlarla bəzədilən, ölçüsü 3m x 2m olan xalça 58 günə toxunub.
Vidadi Muradov çıxışında qeyd edib ki, ölkəmizdə, digər milli dəyərlərimiz kimi, xalçaçılığa da böyük önəm verilir, bu sahənin inkişafına diqqət göstərilir. Bildirilib ki, filialda çalışan xalçaçıların əksəriyyəti "Azərxalça"nın tədris-hazırlıq kurslarının yetirmələridir. Onların qazandıqları təcrübə və bacarıqlar indi istehsalatda tətbiq olunur. Filialda peşəkar toxucuların rəhbərliyi altında keyfiyyətli xalçalar toxunur.
Vidadi Muradov daha yaxşı xalça toxunması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.
Sonda xalça kəsilib və xatirə şəkli çəkdirilib.
Mədəniyyət.- 2018.- 30 may.- S.10.