Hər eksponat tariximizə şahidlik edir
Azərbaycan İstiqlal Muzeyindən reportaj
100 yaşını
qeyd etdiyimiz Cümhuriyyətin bizlərə
qiymətli ərməğanlarından
biri də Azərbaycan İstiqlal Muzeyidir. 1919-cu il dekabrın 7-də Cümhuriyyət Parlamentinin
açılmasının birinci
ildönümü münasibətilə
elə parlamentin binasında təşkil olunan muzey bir
neçə ay fəaliyyət
göstərə bildi.
İstiqlal Muzeyi öz fəaliyyətini 71
il sonra
bərpa etdi. 1991-ci il yanvarın
9-da hər eksponatı
milli tariximizə şahidlik edən muzey qapılarını yenidən açdı.
Bu günlərdə
yolumuzu muzeydən salıb istiqlalımızın
saxlanc yeri ilə, buradakı eksponatlarla tanış
olduq. Xatırladaq ki, mayın
24-də İstiqlal Muzeyində
Azərbaycan Xalq Cümhuriyyətinin və
Qafqaz-İslam Ordusunun
100 illiyi ilə əlaqədar fotosərgi
və "Cümhuriyyət"
zalının da açılışı keçirilib.
Yeni zalda Cümhuriyyətin
fəaliyyətini özündə
əks etdirən 70-dək
foto, sənədli
material və üçrəngli
bayrağımızın ideya
müəllifi, Azərbaycan
ədəbi-ictimai fikrinin
parlaq nümayəndəsi,
görkəmli mütəfəkkir
Əli bəy Hüseynzadənin muzeyə
hədiyyə edilən
şəxsi əşyaları
nümayiş olunur.
Cümhuriyyət qurucularının fotoları, tarixi sənədlər - hər
eksponat bizə tarix pıçıldayır.
Muzeyin şöbə
müdiri Sədi Mirseyibli zalda nümayiş olunan eksponatlarla bizi tanış edir. Bildirir ki, "Cümhuriyyət"
zalında şəxsi
arxivlərdə saxlanılan
fotoşəkillərdən istifadə edilib. Tədqiqatçı Ədalət Tahirzadə
tərəfindən muzeyə
təqdim edilən iki fotoşəkli alim Türkiyədə əldə edib. Bu ekspozisiyada "İstiqlal
Bəyannaməsi"nin
surəti, ordu quruculuğu və s. mövzuları əhatə
edən sənədlər
toplanıb.
Zalda iki kitab da diqqətimizi cəlb edir. Öyrənirik ki, Qafqaz İslam Ordusu ölkəmizi tərk etdikdən sonra bu ordunun Bakıda
qalan əsgəri Əhməd Əlioğluna
aiddir. Ə.Əlioğlu sovetlər qurulduqdan
sonra həbs edilərək Nargin adasında göndərilir.
Kitablar
2013-cü ildə onun
nəvəsi tərəfindən
muzeyə hədiyyə
olunub.
Fikrin oxunur dalğalanan bayrağımızdan!
İndi isə Əli
bəy Hüseynzadənin
əşyaları olan
otağa keçirik.
Burada nümayiş olunan eksponatlar 2017-ci ilin iyununda ədibin qızı Feyzavər Alpsar tərəfindən hədiyyə edilib.
Bu nümunələr arasında
İstanbuldan gətirilən
161 əsərdən seçilmiş
Ə.Hüseynzadənin, övladları
Səlim Turan və Feyzavər Alpsarın yaratdığı
bir sıra sənət əsərləri,
Əli bəyin həyatının müxtəlif
anlarını əks
etdirən fotoşəkilləri,
şəxsi əşyaları
daxildir. Ümumiyyətlə,
burada 37 təsviri sənət əsəri,
48 fotoşəkil, 53 şəxsi
əşya, 22 orden,
medal və nişan, eləcə də ipək üzərində
çap olunmuş
"Həyat" qəzeti
yer alıb. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra
bərpa olunub. Ə.Hüseynzadənin Peterburq Universitetində
təhsilini əks etdirən sənədlər,
məktubları, 1926-cı ildə I Türkoloji Qurultaya gəldiyi zaman ailə üzvləri ilə son görüşünü əks
etdirən fotoşəkil
daha çox maraq doğurur. Bu gəlişində Əli
bəy ailə üzvlərinə çox
üzücü bir xəbər verir: "Mən bir də
sizinlə görüşməyəcəyəm
və heç bir məktub da yazmayacağam. Çünki bu sizin həyatınız üçün təhlükəli
ola bilər".
Əli bəy doğmalarına məktub yazmasa da, ailə üzvləri
sürgün olunur və bir də
düz 90 ildən sonra iki qardaşın
nəvələri görüşə
bilirlər.
Ə.Hüseynzadənin arxivinin alınması
ilə bağlı məlumatları bölüşən
şöbə müdiri
vurğulayır ki, Feyzavər xanım çox yaşlı olduğundan xatirələrindən
ayrılmaq, bütün
bu sənədləri
təhvil vermək onun üçün çətin idi. Lakin sonda arxivin Azərbaycana
verilməsi üzərində
dayandı.
Öyrənirik ki, Əli bəyin əlyazmaları isə Türkiyədə
İzmir Universitetində
saxlanılır. Təhsil ocağında
bu əlyazmalardan ibarət guşə yaradılıb. Hazırda İstiqlal
Muzeyində nümayiş
olunan Ə.Hüseynzadəyə
aid eksponatları Feyzavər
xanım uzun illər evində qoruyub saxlayıb. Buna görə də
eksponatlar alınarkən
bu əşyaların
fotoreproduksiyaları yerinə
qoyulub.
“Millətin
taleyi necə olsun"?!
Muzeyin maraqlı eksponatları arasında 1905-ci ildə milli mesenat Hacı
Zeynalabdin Tağıyevin
evində lentə alınmış foto da var. "Millətin taleyi necə olsun" adlandırılan
fotoda dövrün görkəmli ictimai-siyasi
xadimləri Ə.Topşubaşov,
Ə.Hüseynzadə və
digər cümhuriyyətçilər
yer alıb.
Cümhuriyyət
dövründə işıq
üzü görən
mətbu nümunələri,
1919-cu il 7 dekabr tarixli "Azərbaycan" qəzetini
nəzərdən keçiririk.
Qəzetdə Nəsib bəy
Yusifbəylinin parlamentin
birillik fəaliyyətinə
dair hesabat məruzəsi öz əksini tapıb. Cümhuriyyət hökuməti tərəfindən
xaricdə təhsil almağa göndərilən
tələbələrin İstanbulda
yolüstü Ə.Hüseynzadə
ilə görüşlərini
əks etdirən foto da nadir eksponatlardandır.
M.Ə.Rəsulzadənin "Azərbaycan" qəzetinin
redaksiyasında kollektivlə
çəkilən fotosunun
orijinalı, Bakı Dövlət Universitetinin yaradılması haqqında
qanun və Ə.Topçubaşovun rəhbərliyi
ilə Paris Sülh Konfransına gedən nümayəndə heyətinin
diplomatik pasportlarının
surəti, Cümhuriyyətin
süqutu xəbərinin
alınmasını əks
etdirən fotoşəkillər
və s. tamaşaçıya
qürur və təəssüfü bir arada yaşadır.
Keçirik Qafqaz İslam Ordusunun və Cümhuriyyətin 100 illiyi
ilə bağlı sərgi bölümünə.
Azərbaycanda ordu quruculuğu
sahəsində Nuru paşanın apardığı
islahatlar, Ə.Şıxlinski,
S.Mehmandarovun fəaliyyətini
əks etdirən eksponatlar burada geniş əks olunub.
Qarşımızda daha bir maraqlı nümunə var - Hacı Mirzə Səlim Axundzadənin "Azərbaycan
torpağına türbət
demişəm" adlı
xatirat kitabı.
Kitabda Cümhuriyyətin qurulması
ilə bağlı xatirələr, həmin günlər baş verən hadisələr yer alıb.
***
Bizə bələdçilik edən Sədi müəllimə təşəkkür edib muzeydən ayrılırıq. Lakin Cümhuriyyət dövrünün yadigarı olan tarixi eksponatlardan aldığımız təəssürat çətin ki unudula. Oxucularımızın da bu tarixi xəzinəni görməsi diləyilə
Lalə Azəri
Mədəniyyət.-
2018.- 30 may.- S.12.