"Yeddi səsdən doğan sərvət - elmmusiqi"

 

 Dahi bəstəkara həsr olunmuş layihənin təqdimatı

   QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Yeddi səsdən doğan sərvət - elmmusiqi" adlı layihə həyata keçirilib.

   Dahi Azərbaycan bəstəkarı Qara Qarayevn 100 illik yubileyinə həsr olunmuş layihənin təqdimatı Azərbaycan Dillər Universitetinin akt zalında gerçəkləşib.

   İctimai birliyin sədri İlahə Qismət layihə haqqında ətraflı məlumat verib. O, layihənin reallaşmasına Azərbaycan Dillər Universiteti və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) da təşkilati dəstəyini qeyd edib.

   Universitetin əməkdaşı Bədir Kərimova çıxışında Qara Qarayevin yaradıcılığına qısa nəzər salıb.

   Tədbirdə bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş videoçarx, ardınca konsert proqramı, layihə üzrə müsabiqə əsasında yer tutmuş musiqişünasların çıxışları təqdim edilib.

   Musiqili proqramda BMA-nın tələbələrinin ifasında bəstəkarın seçilmiş əsərləri ("Eskiz", "Violinfortepiano üçün sonata", prelüd) ilə yanaşı Qarayev məktəbinin davamçıları (Vasif Adıgözəlov, Arif Məlikov, Aydın Əzimov) və gənc bəstəkarların (İlahə Qismət, Aysel Hacıyeva, Nigar Əliyeva, Vüqar Məmmədzadə) əsərləri də səsləndirilib.

   Q.Qarayevin yetirməsi, bəstəkar Aydın Əzimovun öz müəllimi haqqında fikirləri dinləyicilərin marağına səbəb olub.

   Tədbir iştirakçıları layihə çərçivəsində 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi şagirdlərinin hazırladığı sərgi ilə də tanış olublar.

   Sonda layihənin 15 fəal iştirakçısına diplom və hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 30 may.- S.9.