40 il dirijor pultu arxasında

 

 

 

XX yüzilliyin əvvəllərindən Azərbaycan mədəniyyətinin bütün sahələrində yüksəliş yaşanırdı. Dahi Üzeyir Hacıbəylinin rəhbərliyi ilə professional musiqimiz, o cümlədən dirijorluq sənəti də inkişaf yoluna qədəm qoymuşdu. Görkəmli musiqiçilər Müslüm MaqomayevNiyazi tərəfindən məktəb səviyyəsinə yüksələn Azərbaycan dirijorluğu sonralar yeni sənətkar nəsillərinin yetişməsinə zəmin yaratdı.

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist, bu il 70 illiyini qeyd edən Faiq Sadıqov bu məktəbin davamçılarındandır. 1979-cu ildən bu orkestrlə çalışan dirijor deyir ki, onun musiqi  sahəsini seçməsi elm adamı olan atasının arzusu idi: “Çalışdım ki, atamın arzusunu yerinə yetirim. Əvvəlcə Gəncədə Qəmbər Hüseynli adına musiqi məktəbinin tar sinfində təhsil aldım, daha sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda oxudum. Təhsilimi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri şöbəsində davam etdirdim, iki ildən sonra isə dirijorluq sahəsini seçdim. Müəllimim isə Azərbaycanın ilk alitəhsilli dirijoru Əhəd İsrafilzadə olub”.

Faiq müəllim deyir ki, S.Rüstəmov adına orkestrdə çalışdığı 40 il müddətində Avropa və Azərbaycan bəstəkarlarının çoxsaylı əsərlərinin orkestrləşdirilməsinə nail olub. Bu sahədə müəllimi, unudulmaz bəstəkarımız, Xalq artisti Ramiz Mirişlini ehtiramla yad edir. Hacı Xanməmmədovun kamançasimfonik orkestr üçün konsertini xalq çalğı alətləri orkestri üçün işlədiyini deyən musiqiçi bildirir ki, bu əsərin ilk ifaçısı mərhum kamança ifaçımız, Əməkdar artist Ədalət Vəzirov idi: “Xalq çalğı alətləri üçün isə mən bu əsəri məhz Mehri Əsədullayeva üçün işlədim və çox gözəl qarşılandı”.

Faiq Sadıqov oktyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubileyi münasibətilə təşkil edilən konsert proqramında çıxış edən bütün musiqiçilərə dərin təşəkkürünü bildirir: “Təşkilatçılara minnətdaram və filarmoniyanın ənənələrinə sadiq tamaşaçılara çox sağ ol deyirəm ki, onlar bizim Azərbaycan bəstəkarlarının ölməz əsərlərini belə gözəl duyğuarzu ilə dinləməyə gəlirlər”.

Yubiley gecəsində dirijorun keçdiyi sənət yolu haqqında fikirlər səsləndi, təbriklər dilə gəldi. “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov yubilyarı təbrik edərək bildirdi ki, Əməkdar kollektiv olan S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri artıq 87 ildir ki, Azərbaycan musiqisinə töhfələr verir: “Bu uzun dövrün 40 ili Faiq müəllimin payına düşür. O, kollektivdə böyük iftixarla Azərbaycan musiqisinə xidmət edir. Bugünkü gecənin təşkili onun sənətinə verilən dəyərin bariz nümunəsidir”.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov yubilyara  çalışdığı qurumun adından təbriklərini çatdırdı. Vurğuladı ki, son illərdə məhz Faiq Sadıqovun yorulmaz əməyi sayəsində orkestr öz repertuarında Azərbaycan bəstəkarlarının yeni əsərlərini təqdim edir, musiqimizin gənclər tərəfindən sevilməsinə nail olur. Faiq müəllimin rəhbərlik etdiyi orkestrin yaradılmasında Üzeyir Hacıbəyli və Səid Rüstəmov kimi insanların böyük əməyi var. Orkestr fəaliyyəti boyu bu ölməz bəstəkarların ənənələrinə sadiq qalıb, bəstəkarlarla daim sıx əlaqə saxlayıb.

BizFaiq müəllimi yubileyi münasibətilə təbrik edir, cansağlığı və musiqimizin təbliği yolunda yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.7.