Bəstələri, fədakar əməyi
ilə yaddaşlarda qalan
sənətkar
Bəstəkar, xor dirijoru, aktyor, müğənni, tarzən, bir sözlə, mədəniyyət və incəsənət fədaisi Şahid Qədir oğlu Əbdulkərimov 1938-ci il oktyabrın 30-da Şəki şəhərində anadan olmuşdur.
İlk musiqi təhsilini şəhər Pionerlər evində tar müəllimi İbad Salmanovdan almışdır. Təhsil aldığı 11 saylı orta məktəbin bədii özfəaliyyət kollektivinin ən fəal üzvlərindən biri idi. 1956-cı ildə rayon Mədəniyyət evində tanınmış tar ifaçısı Məhərrəm İsmayılovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına qəbul olunur. Həmin ansamblın tərkibində Bakıda Respublika Gənclərinin birinci (1956) və ikinci (1957) festivallarında uğurla çıxış edir.
1956-cı ildə Əməkdar artist Məmmədkəbir Hacıoğlu Şahidi dram dərnəyinə də qəbul edir. Beləliklə, o, bir çox tamaşalarda çıxış edir.
Şahid 1957-ci ildə təhsilini başa vurub, Bakı Mədəni-Maarif Texnikumunun Xor dirijorluğu şöbəsinə daxil olur. Təhsil aldığı illərdə müəllimi, məşhur xanəndə Qulu Əsgərov Şahidin musiqi qabiliyyətinə yüksək qiymət vermiş, ona qayğı göstərmişdir.
1960-cı ildə Şahid Əbdulkərimov təhsilini başa vurub Zaqatala rayon Mədəniyyət evində əmək fəaliyyətinə başlayır. Bir il sonra Bakıya gəlir və Xırdalan qəsəbəsindəki 1 saylı məktəbdə musiqi müəllimi işləyir. Həmin il Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Mədəni-maarif fakültəsinin axşam şöbəsinə daxil olur. Tələbəlik illərində bir çox görkəmli müəllimlərdən dərs alır. Onların arasında unudulmaz bəstəkarımız Şəfiqə Axundovanın Şahidin bəstəkar kimi yetişməsində xüsusi əməyi olmuşdur.
1963-cü ildə Abşeron rayonu təşkil olunur və Şahid rayon Pionerlər evinin direktoru təyin olunur.
Onun xeyli sayda mahnıları var. Efirdə ilk dəfə “Hanı bəs vəfan sənin” mahnısı səslənib. Həmin mahnının
ilk ifaçısı Xalq
artisti İslam Rzayev olmuşdur. Sonralar Azərbaycan Televiziyasının uşaq
xorunun ifasında “Naxçıvanım”, “Ana torpağım
mənim”, “Bakı”, “Təzə il”, “Xoş gəldin” mahnıları lentə alınmışdır. Uşaq xorunun
bədii rəhbəri
bəstəkar Əfsər
Cavanşirov həmişə
deyərdi ki, uşaqlar Şahidin mahnılarını tez öyrənirlər. Çünki bu mahnıların musiqisi axıcı, ürəyəyatımlıdır, xalq ruhludur. Sonralar o, “Sevgilimə könül açdım”,
“Ana məhəbbəti”, “Biləydin
kaş”, “Gözəlim”,
“Günüm keçməsin
sənsiz”, “Niyə belə oldu” və s. mahnıları bəstələmişdir.
Azərbaycanda ilk dəfə Abşeron rayonu Bolqarıstanın Razqrad rayonu ilə qarşılaşdığı
üçün Şahid
Əbdulkərimov “Abşeron-Razqrad”
mahnısını yazmış,
Xırdalan qəsəbə
Pionerlər evinin xor kollektivi ilə Bolqarıstanda konsertlər vermişdir.
Şahidin mahnılarını xalq artistləri İslam Rzayev, Arif Babayev, Elmira Rəhimova, Səkinə İsmayılova, Ağaxan
Abdullayev, Məmmədbağır
Bağırzadə, Baba Mirzəyev,
əməkdar artistlər
Nəzakət Məmmədova,
Süleyman Abdullayev, Sabir Mirzəyev və başqaları ifa etmişlər. Yazdığı mahnıların
sözləri Süleyman
Rüstəm, Bəxtiyar
Vahabzadə, Əliağa
Kürçaylı, Arif
Abdullazadə, Cabir Novruz, Ramiz Məmmədzadə
və başqalarına
məxsusdur. 1974-cü ildə Bakı şəhər Xalq yaradıcılığı evi
“Sən nəğmələr
qoş” devizi altında həvəskar bəstəkarların mahnı
müsabiqəsini təşkil
etmişdi. Müsabiqədə Şahid Əbdülkərimov
birinci, Bəhram Nəsibov ikinci, Qafar Namazəliyev üçüncü yerə
layiq görülmüşdür.
Şahid 1976-cı ildə Şəkidə yeni istifadəyə verilmiş Tibb işçiləri evinin direktoru təyin olunmuşdur. Onun rəhbərliyilə “Şəfa” mahnı və rəqs ansamblı təşkil edilmişdir. O, ansambl
ilə Moskvada SSRİ
Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisində,
Gürcüstanda azərbaycanlıların
yaşadıqları rayonlarda,
respublikamızın bir
çox şəhər
və rayonlarında qastrol səfərlərində
olmuşdur.
Şahid Əbdülkərimov uzun sürən xəstəlikdən
sonra 2003-cü ilin iyul ayının 17-də
65 yaşında vəfat
etmişdir. Onun yaradıcılığı haqqında
2016-cı ildə sənədşünaslıq
üzrə fəlsəfə
doktoru Səadət Təhmirazqızı tərəfindən
nəşr olunmuş
“Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq
sənəti”, professor İlham
Rəhimlinin “Şəki
teatrı” kitablarında
ətraflı məlumat
verilir.
Şahid Əbdülkərimovun Şəkidə 1998-ci ildə 60, 2008-ci ildə 70, 2013-cü ildə 75 illik yubileyləri keçirilmişdir. Sənətkarın 80 illiyi münasibətilə xatirəsini bir daha yad edir, ona Allahdan qəni-qəni rəhmət diləyirik. Onun yazdığı mahnıların bir çoxu xalq mahnısı, təsnif kimi səsləndirilirdi. Əslində, Şahid Əbdülkərimovun mahnıları ana laylamız olan “Segah” muğamı üzərində yazılmışdı və xalq ruhlu olduğu üçün daim seviləcək.
Vaqif
KƏRİMOV,
Əməkdar
mədəniyyət işçisi
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.6.