M.A.P. dünyanın müasir teatr nümunələrini təqdim edəcək

 

Festival proqramına doqquz ölkə teatrlarının 16 tamaşası daxildir

 

Xəbər verdiyimiz kimi, noyabrın 6-dan 11-dək Bakıda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı, Azərbaycanın ilk mobil operatoru – “Bakcell” şirkətinin dəstəyi ilə 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platforması olan M.A.P. (musiqi, incəsənət, performans) festivalı ilk dəfə ötən ilin noyabrında gerçəkləşib.

Festival böyük tamaşaçı auditoriyasına müasir teatr formalarının geniş diapazonunu təqdim etmək məqsədi daşıyır. Builki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, RusiyaBritaniya teatrlarının 16 tamaşası təqdim ediləcək.

Festivalın Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasimindən sonra həmin məkanda İtaliyanın “NoQraviti” teatrının kollektivi tərəfindən hazırlanmış “Ariya” adlı multidissiplinar tamaşa nümayiş olunacaq. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, VivaldiPerqolezinin musiqi əsərləri daxildir. Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı bir neçə artistik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar.

Festival proqramının tamaşaları Akademik Milli Dram, Musiqili, Gənc Tamaşaçılar, Kukla teatrlarında göstəriləcək.

M.A.P. festivalı Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə olaraq keçirilir. Bu, yaradıcı insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün mühüm bir imkandır. “Bakcell” şirkəti artıq ikinci ildir ki, M.A.P. festivalının baş sponsoru qismində çıxış edir.

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.8.