İtaliyalı mütəxəssislər Qobustanda elmi tədqiqat aparmaq istəyirlər

 

 

 

Qobustan Milli Tarix-Bədii Qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir.

Bu barədə məlumat verən qoruğun direktoru Vüqar İsayev bildirib ki, UNESCO-nun Dünya Mədəni İrsi siyahısında yer alan Qobustan qoruğu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir.

Direktor qeyd edib ki, Qobustan qoruğu həmçinin Avropa Şurasının Mədəni Marşrutlar İnstitutununPreshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini, administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır. Bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeolojiya qayaüstü incəsənət abidəsi təmsil olunur. Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür. Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Eyni zamanda qoruqda Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində aparılır.

Direktorun sözlərinə görə, arxeoloji qazıntılar zamanı əldə olunmuş 100 mindən artıq artefakt hazırda qoruğun fondlarında qorunmaqdadır. Latın kitabəsi, qədim qəbiristanlıqlar, pirlər, qışlaq yerləri də qoruğun mühafizəsi altındadır. Bütün bunlardan cəmi 500 ədəd artefakt muzeyin ekspozisiyasında nümayiş olunur.

Qobustan qoruğu ölkəmizə gələn xarici qonaqları ən çox cəlb edən məkandır. Hazırda burada Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçünQobustaninteraktiv turuda fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “gecə turuda təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir.

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.3.