Regionlarda mədəni həyat
Bölgənin mədəni brendinin formalaşdırılması
Mədəniyyət
Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodik Mərkəzi Biləsuvar Regional Mədəniyyət
İdarəsi və Biləsuvar Rayon İcra Hakimiyyəti ilə
birgə bölgənin mədəni brendinin
formalaşdırılmasına həsr olunmuş konfrans
keçirib.
Oktyabrın 31-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələri əməkdaşlarının və rayon ziyalılarının iştirakı ilə gerçəkləşən tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov bölgənin mədəni həyatı haqqında məlumat verib.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev mədəni brendin sosial, siyasi və iqtisadi təzahür formalarından danışarkən Biləsuvar rayonunun mədəni brendi ola biləcək kurqanlardan da söhbət açıb. Bu arxeoloji irsin tanıtımının rayonun mədəni həyatının zənginləşməsinə xidmət edə biləcəyi vurğulanıb, bu məsələdə yerli icra qurumlarının mədəniyyət və elm müəssisələri ilə əməkdaşlığının vacibliyi qeyd olunub.
Mərkəzin şöbə müdiri Nurəddin Babazadə, əməkdaşlar Aygün Balabəyova, Pərvanə Hüseynova və Afaq Ağayeva mövcud istiqamətdə beynəlxalq təcrübə haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkə rəhbərliyinin qayğısı sayəsində rayonda müxtəlif istiqamətlərdə müşahidə olunan inkişafdan danışıb və kurqanların Biləsuvar rayonunun mədəni və turizm brendinə çevrilməsi üçün lazımi dəstəyin göstəriləcəyini deyib.
Regional idarənin Şura iclası
Siyəzən Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə Şura iclası keçirilib.
İdarənin rəisi Nazim Ağayev həyata keçirilən tədbirlər, əldə edilən nailiyyətlər, görüləsi zəruri işlər barədə danışıb. İdarənin şəbəkəsinə daxil olan müəssisələrdə büdcədənkənar vəsaitlərin icra vəziyyəti, əmək intizamının gücləndirilməsi, regionun mədəniyyət müəssisələri arasında dərnək müsabiqələrinin təşkili məsələləri müzakirə edilib. Mədəniyyət müəssisələrində ödənişli xidmətlərin artırılması, dərnək və kursların yaradılması və bu sahədə olan çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.
Sonda Xaçmaz Uşaq incəsənət məktəbinin direktoru Telnaz Adıgözəlovaya 60 illik yubileyi münasibətilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı təqdim edilib.
“Kitabxana mədəniyyət fenomeni kimi”
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən oktyabrın 31-də Sabirabad rayonunda regionun kitabxana işçiləri üçün “Kitabxana mədəniyyət fenomeni kimi” mövzusunda dəyirmi masa keçirilib.
Mərkəzin direktoru Ramazan Şabanov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov tədbirdə çıxış ediblər. Kitabxanaların mədəniyyətin inkişafında rolundan, bəşər mədəniyyətinin inkişafının mühüm vasitəsi olan kitabxanaların müasir dövrdə qarşılaşdığı problemlərdən söz açılıb.
Sonra “Kitabxana mədəniyyət fenomeni kimi”, “Kitabxanaların fandrayzinq fəaliyyəti”, “Kitabxana işində innovasiyalar”, “İnformasiya cəmiyyətinin xüsusiyyətləri: elektron kitabxanalar, elektron kataloq” və s. mövzularda məruzələr dinlənilib.
Qara Qarayevin yubileyinə həsr olunmuş konsert
Şəmkir şəhərindəki alman kilsəsində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş orqan musiqisi konserti keçirilib.
Şəmkir Regional Mədəniyyət İdarəsi və Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, regional idarənin rəisi Höccət Əsədullayev, musiqi məktəbinin pedaqoqları, mədəniyyət işçiləri, sakinlər iştirak ediblər.
Professor R.Babayeva, baş müəllim S.Bəylərbəyovanın, Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq müsabiqənin laureatı N.Məmmədova, II kurs tələbəsi G.Muradova və gənc ifaçı S.Əsədullayevanın iştirakı ilə təqdim olunan konsert proqramı uğurla keçib və tamaşaçıların alqışları ilə qarşılanıb.
“Hüquqi gələcək – sağlam gələcək”
Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Uşaq hüquqlarının müdafiəsi” aylığı çərçivəsində “Hüquqi gələcək – sağlam gələcək” adlı tədbir keçirilib.
Qusar şəhər 4 saylı orta məktəbin 4-cü sinif şagirdlərinin qatıldığı tədbirdə muzeyin direktoru Xatirə Nağıbəyova, muzeyin bələdçisi Afət Nadirova, eksponat nəzarətçisi Tahirə Nəsruyeva mövzu ilə bağlı məruzələr ediblər.
Tədbirdə rayonda uşaq hüquqlarının müdafiəsi
üzrə inspektor Taleh
Şahverdiyev, 1 saylı orta
məktəbin sinif müəlliməsi Lətifə
Nurmətova və Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrəhmanova
mövzu ətrafında fikirlərini
bildiriblər.
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.4.