Yazıçı-dramaturq Əli Əmirlinin yubileyi qeyd olunub

 

 

 

Oktyabrın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib. Yubilyarın sənət dostları – Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, xalq artistləri Afaq Bəşirqızı, Şükufə Yusupova, Hacı İsmayılov, Səidə Quliyeva, rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Əməkdar artist Məsmə Aslanqızı, rejissor, aktyor Şərif Qurbanəliyev yazıçı-dramaturqun yaradıcılığından danışıblar, təbriklərini çatdırıblar.

Bildirilib ki, Ə.Əmirlinin  Meydan”, “Bala bəla sözündəndir”, “Ağqoyunlularqaraqoyunlular”, “Yeddi məhbusə”,  “Varlı qadın”, “Mesenat”, “Şah Qacar” və sair pyesləri paytaxtın teatr səhnələrində tamaşaya qoyulub. O, hekayə, povestromanlardan ibarət 7 kitabın müəllifidir.

Yubiley gecəsində həmçinin, “Bala - başa bəla” televiziya tamaşasından və “Mesenat”, “Köhnə ev” tamaşalarından fraqmentlər nümayiş olunub.

Sonda Ə.Əmirli səhnəyə dəvət olunub. O, tədbirin təşkilatçılarına və tamaşaçılara  minnətdarlığını bildirib. Sənətkarın yubileyi münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təbriki oxunub.

Qeyd edək ki, Əli Əmirli 2000-ci ildə “Humay” mükafatına layiq görülüb. 2015-ci ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Yaradıcılıqla bərabər, pedaqoji fəaliyyətlə də məşğuldur.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.4.