Bakıda növbəti Beynəlxalq Teatr Konfransı keçiriləcək

 

 

“XXI əsrin teatr fəlsəfəsi: mövcudluq konsepsiyası”

 

5-6 noyabr tarixində “XXI əsrin teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusunda V Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransın təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Teatr Xadimləri İttifaqı və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur.

İlk dəfə 2010-cu ildə təşkil olunan Bakı Beynəlxalq Teatr Konfransı ötən müddətdə həm ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət tədbirləri sırasında, həmçinin beynəlxalq teatr təşkilatlarının fəaliyyət təqvimində özünə mühüm yer tutub.

Konfransda BTİ (UNESCO-nun Beynəlxalq Teatr İnstitutu), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) və digər nüfuzlu beynəlxalq teatr təşkilatları təmsil olunacaq.

İki gün davam edəcək konfransda ümumilikdə 130-dək qonaq iştirak edəcək.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində reallaşan tədbirdə dünyanın tanınmış rejissor və prodüserləri, teatr xadimləri və aparıcı teatrşünasları XXI əsrdə dünya teatr prosesində baş verən məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, V Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün 40-dan çox ölkədən (ABŞ, Kanada, Meksika, Almaniya, Fransa, İtaliya, Avstriya, Serbiya, Polşa, Yunanıstan, Slovakiya, Sloveniya, Bolqarıstan, Türkiyə, Litva, Estoniya, Rusiya, Belarus, Gürcüstan, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Şri-Lanka, Yaponiya, CAR, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Hindistan, Pakistan, Malayziya, Avstraliya, Malavi, Misir, İran, Suriya, İraq, Banqladeş, Mərakeş, Əlcəzair, Sudan) mədəniyyət, incəsənət və elm xadimləri dəvət olunub.

Ənənəvi olaraq beynəlxalq konfrans çərçivəsində tanınmış teatr sənətçilərinin ustad dərsləri, seminarları da təşkil ediləcək.

4 noyabr tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında “Fiziki teatr” (Lidiya Kopinanın ustad sinfi), noyabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “ASSİTEJ dünyasında yeniliklər” (İvet Hardinin seminarı), Azərbaycan Dövlət Musiqili Teatrında “Yeni teatr üslubu” (Emil Səlimov), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Teatr tənqidi problemləri” (Mişel Vays) mövzularında seminar və treninqlər, habelə beynəlxalq teatr təşkilatlarının milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.2.