“Estrada mahnısı”
müsabiqəsinin qalibləri
elan olunub
Noyabrın 6-da Azərbaycan Bəstəkarlar
İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan birinci “Estrada mahnısı” müsabiqəsi
qaliblərinin mükafatlandırılma
mərasimi keçirilib.
Müsabiqə Azərbaycan Bəstəkarlar
İttifaqının təşəbbüsü
və təşkilatçılığı,
Mədəniyyət Nazirliyi
və “Mədəniyyət”
kanalının dəstəyi
ilə reallaşıb.
Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz Əlizadə müsabiqənin əhəmiyyətindən
söhbət açıb. Bildirib ki, müsabiqədə əsas məqsəd unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla
yaratdığı musiqi
incilərini örnək
götürərək müasir
estrada mahnı
janrında yeni mahnıların yazılmasını
təşviq etməkdir.
Ötən il
dekabrın 8-də elan
edilən müsabiqənin
1-ci seçim turuna ümumilikdə 57 peşəkar
və həvəskar bəstəkar tərəfindən
87 mahnı təqdim edilib.
Şərtlərə görə, müsabiqəyə
heç bir yerdə səslənməmiş
və nəşr olunmamış yeni mahnılar təqdim edilib. Mahnılar vokal
ilə müxtəlif
tərkibli instrumental ansambllar
və ya estrada orkestri
üçün nəzərdə
tutulub. Bu ilin
mart-aprel aylarında müsabiqənin seçim
turları keçirilib,
oktyabrın 22-də isə
qaliblər müəyyənləşib.
Təqdim olunan əsərlər xalq artistləri Firəngiz Əlizadə, Rauf Babayev, əməkdar
artistlər Gövhər
Həsənzadə və
Vüqar Camalzadədən
ibarət münsiflər
heyəti tərəfindən
qiymətləndirilib.
Sonra qaliblər
diplomlarla mükafatlandırılıblar. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq Rəna Qədimova, Əməkdar incəsənət
xadimi Sərdar Fərəcov və İlahə İsrafilova layiq görülüb.
Bəstəkarlar İttifaqının üzvləri Zabitə Məmmədova, Yalçın
Məlikov və Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
II kurs tələbəsi
Lalə Əhmədovaya
həvəsləndirici mükafatlar
təqdim edilib.
Qeyd edək ki,
noyabrın 7-də Heydər Əliyev Sarayında müsabiqə
qaliblərinin qala-konserti olacaq.
Mədəniyyət.-
2018.- 7 noyabr.- S.1.