Dostluğun sehri

 

 

Beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Bolqarıstanın paytaxtı Sofiyadakı “Nağıl dünyası” rəsm atelyesində müxtəlif ölkələrdə keçirilmiş müsabiqələrdə qalib gəlmiş gənc rəssamların mükafatlandırılması mərasimi keçirilib. Mərasim çərçivəsində qaliblərin əsərlərindən ibarət sərgi nümayiş olunub.

Sərgidə 5-16 yaş arası uşaqların 70-dək əsəri yer alıb. Atelyenin gənc rəssamları Azərbaycan, Yaponiya, Rumıniya, Çexiya, həmçinin Bolqarıstanda keçirilmiş beynəlxalq müsabiqələrdə iştirak edərək müxtəlif mükafatlara layiq görülüblər.

Mərasimdə Azərbaycan və Çexiyanın Bolqarıstandakı səfirləri iştirak ediblər.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bütün qalibləri, o cümlədən 2017-ci ildə Bakıda keçirilmişDostluğun sehri” II Beynəlxalq uşaq rəsm müsabiqəsində fərqlənənləri təbrik edib. O, Bolqarıstanın gənc rəssamlarının “Dostluğun sehri” müsabiqəsinə böyük maraq göstərdiyini məmnunluqla vurğulayıb.

Diplomat tədbir iştirakçılarına Bolqarıstanın Qara dəniz sahilindəki qədim Sozopol şəhərində “Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində keçirilən plenerdə azərbaycanlı rəssamlar Bəhruz Kəngərli və Bəhram Xəlilovun iştirakı, onların əsərlərinin rəğbətlə qarşılanması barədə də məlumat verib. Səfir bu cür qarşılıqlı mədəni tədbirlərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə əlavə töhfə olduğunu nəzərə çatdırıb.

Sonda diplomatDostluğun sehri” II Beynəlxalq uşaq rəsm müsabiqəsinin qaliblərinə diplom və medalları təqdim edib. Müsabiqədə Bolqarıstandan 4 uşaq müxtəlif yerlərə layiq görülübdiplomlarla təltif olunub.

 

Mədəniyyət.- 2018.-  7 noyabr.- S.8.