Azərbaycanlı rejissor Tbilisidə tamaşa hazırlayıb

 

 

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Tbilisidə gürcü yazıçısı Nodar DumbadzeninHellados” əsəri əsasında tamaşa hazırlayıb. Noyabrın 2-də Axmeteli Dövlət Dram Teatrında tamaşanın premyerası keçirilib.

Əsərin baş qəhrəmanı Suxumi şəhərində yaşayan yunan əsilli Yanquli adlı gəncdir. Atası Yunanıstana qayıtmağa qərar versə də, o, boya-başa çatdığı Suxumi şəhərindən, yaxın dostlarından və sevgilisindən ayrılmağa özündə güc tapmır, çıxış yolunu intiharda görür. O, atası ilə birgə mindiyi gəmi Yunanıstana yola çıxarkən özünü dənizə atır. Əsl dostluğu, sevgini, boya-başa çatdığı torpağa bağlılığı tərənnüm edən tamaşa böyük maraqla qarşılanıb.

Rolları Giorgi Tsxadadze, Andria Qvelesiani, Demo Kalandadze, Nino Tsimakuridze və digər aktyorlar canlandırıblar.

İradə Gözəlova aktyorların performansından razı qaldığını bildirib. Aktyorlar da azərbaycanlı rejissorla çalışmaqdan məmnunluqlarını ifadə ediblər.

 

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.7.