Teatr özünü
necə yaşatmalı?
V Bakı Beynəlxalq Teatr Konfransının plenar iclasları noyabrın 6-da günün ikinci yarısında maraqlı məruzələrlə davam etdi.
Aydın Talıbzadə (Azərbaycan) və Nina Mazurun (Almaniya) moderatorluğu ilə keçən iclaslarda Rüstəm Mürsəloğlu (Türkiyə) “Azərbaycan teatr tarixində qadın obrazları” mövzusunda məruzəsində M.F.Axundzadə və C.Cabbarlının əsərlərindəki qadın obrazlarının bədii həlli haqqında məlumat verdi.
Mahnaz Esmaili (İtaliya) “Səhnədə dil”, Manana Turiaşvili (Gürcüstan) “Əli və Nino” əsərinin səhnə həlli”, Jasmina Məlikova (Azərbaycan) “Səhnədə reallıq və illüziya”, Marina Vasadze (Gürcüstan) “XXI əsr dramaturgiyası və teatr”, Kiril Krokov (Rusiya) “Vaxtanqov teatrının tarixi və müasir fəaliyyəti”, Aida Qafarova (Azərbaycan) “Azərbaycan Teatr Xadimləri İttifaqının tarixi və fəaliyyəti”, Sayid Kazemian (İran) “İran teatrında teatr və fəlsəfə məsələləri”, Zhainagul Kadırkulova (Qırğızıstan) “Qırğızıstan teatr sənətinin inkişafı” mövzularında məruzələrlə çıxış etdilər.
Çıxışlar zamanı teatr ənənələri, fəlsəfi baxışlar və onun səhnədə həlli məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Diqqətə çatdırıldı ki, teatrda ənənə bütün qapalı sistemləri inkar edənlərin qarşısına mükəmməl, ideal birlik alternativi qoyur. Bir tamaşada rejissor işi, aktyor ifası uğurlu olsa, səhnə tərtibatı isə yaxşı alınmasa, bu, tamaşanın bədii-estetik dəyərinə ciddi zərbə vurar. Tamaşanın uğurlu alınması, seyrçiyə istənilən təsiri göstərə bilməsi üçün səhnədə hər şey – rejissor ideyası, aktyor oyunu, rəssam işi, dekorasiyalar, işıq, rəng, səs, musiqi, hətta tamaşanın oynanıldığı bina da çox önəmlidir.
Məruzəçilər internetin, kino və musiqinin virtual aləmdə tüğyan etdiyi bir dövrdə teatr özünü necə yaşatmalıdır mövzusunda təklif və düşüncələrini bölüşdülər.
L.AZƏRİ
Mədəniyyət.- 2018.- 7
noyabr.- S.3.