Kazan tatarları ilə Azərbaycan türklərinin çox güclü əlaqələri olub

 

 

 

Alfina Sibgatullina: “Türkologiya sahəsində əvvəlki işbirliyi, o cümlədən türk respublikaları ilə əlaqələr zəifləyib. Hər kəs öz küncünə çəkilib bir şeylər yazır, amma ortaq heçyoxdur

 

Türkoloq-alim, professor Alfina Sibgatullina əslən Kazan türküdür. Tatarıstanda doğulub, boya-başa çatıb. Hazırda Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Şərq tarixi bölümünün əməkdaşıdır. Onunla söhbətimizdə Rusiyanın elm sahəsində türkologiyanın yeri, türkdilli xalqlar arasında bugünkü elmi əməkdaşlığın səviyyəsi, Rusiya daxilində yaşayan türk kökənli xalqların ana dillərini qorumaları digər məsələlərə toxunduq.

 

- Alfina xanım, istərdim söhbətə öncə dildən başlayaq. Türk dünyasının önəmli qismi Rusiya Federasiyasında yaşayır, buradakı türk kökənli xalqların respublikaları var. Bu xalqların öz ana dillərini qoruması Türk dünyasının mövcudluğu, inkişafı  baxımından çox önəmlidir. Bu baxımdan, məsələn, hazırda Tatarıstanda bu sahədə durum necədir?

- Əvvəlcə onu deyim ki, Kazan türkləri Rusiyada ikinci millət hesab olunur. Yəni biz burada diaspor deyilik. Rusiya Federasiyasının əsas millətlərindən biriyik. Əvvəllər Tatarıstanda tatar dili daha geniş şəkildə yayılmış, universitetlərdə, orta məktəblərdə keçilirdi. Əgər müqayisə etsək, sovet dönəmində tatar dilinin durumu daha yaxşı idi, nəinki indi. İndi məktəblərdə ana dillərin istəkdən asılı olaraq, yəni fakültativ tədris olunması milli mədəniyyətlərin inkişafı baxımından mənfi bir haldır. Uşaqlar ana dillərini ancaq mətbəx dili olaraq tanıyır.

 

- Bildiyim qədər, siz Moskvaya köçdükdən sonra həm bu şəhərdə yaşayan soydaşlarınıza tatar dili dərsləri keçmisiniz...

- Moskvada yaşayan tatarların bir qismi Nijni Novqorod tatarlarıdır. Yəni Kazanda, Kazan tatarları arasında olmayıblar. Onlar dillərini qorumuşlar, amma ədəbi dili o qədər bilmirlər. Moskvada yaşayan tatarlara bu ədəbi dili anlatmaq istədim. Bu kursu da özünü tatar olaraq qəbul edənlər üçün açdım. Bundan başqa, Moskva Dövlət Pedaqoji Universitetində Tatar dili bölümünü açdıq mən orda tatar ədəbiyyatı tarixinə dair mühazirələr oxudum. Təəssüf ki, o kurslar da, bölüm qapandı. Hazırda sadəcə Moskvada Tatar Milli Muxtariyyət Mərkəzində tatar dili dərsləri keçilir.

 

- Türkoloq kimi sizi daha çox hansı sahələr maraqlandırıb? Araşdırma obyektləriniz nələr olub?

- Hazırda Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Şərq tarixi bölümündə çalışıram. Professor, şərqşünas, türkoloq Dmitri Vasilyev o bölümün müdiridir. Daha çox Rusiya müsəlmanlarının Türkiyə ilə əlaqələrinə dair araşdırmalar aparmışam. Onların Osmanlı Rusiya arasında ortada qalmaları, Osmanlı imperiyası ilə əlaqələribu müsəlmanlar Həccə gedərkən İstanbul üzərindən keçiblər, oraya təhsil almağa gediblər s. – bütün bunlar məni çox maraqlandırıb. Artıq bununla bağlı kitabım da çıxıb. Bundan başqa, Birinci Dünya müharibəsində Osmanlı ordusundan əsir düşənlərin Rusiyadakı aqibətini tədqiq etdim. Bəlli oldu ki, Sibirə göndərilən Osmanlı zabitlərinin bir çoxunun qaçmalarına Kazan türkləri yardım edib. Onlar bu əsirləri Bakıya göndərir, Bakıda da tanınmış neft milyonçusu, xeyriyyəçi Zeynalabdin Tağıyev onların İran üzərindən ya başqa yoldan Türkiyəyə göndərilməsinə kömək edir. Ümumiyyətlə, Kazan türkləri ilə Azərbaycan türklərinin tarixən çox güclü əlaqələri olub. Osmanlı Tatar ədəbiyyatında müsəlman öndər mövzusunda da çalışmalarım var. Hazırkı işləyib bitirdiyim mövzu Türkiyənin tanınmış ictimai xadimi, yazıçısı Xalidə Ediplə bağlıdır. Bu il onunla bağlı kitabım çıxacaq.

 

- Hazırda Rusiyada türkologiyanın durumu necədir? Bu sahədə araşdırmaların səviyyəsi əvvəlki dövrlə müqayisədə sizi qane edirmi?

- İstərdim ki, sovetlər zamanında olduğu kimi bu elmin yeri, səviyyəsi daha irəlidə olsun. Amma mənə görə, Rusiyadakı türkologiya artıq çox zəifdir. Bunun da səbəbi maddi məsələlərdi. Artıq yeni nəsil elm sahəsinə gəlmir. Çünki türkologiya pul gətirmir. Əvvəllər türkologiyanın yönəldilməsi üçün mərkəzlər vardı, bu gün isə onlardan heç biri yoxdur. Dilçilik İnstitutu türk dillərinin qrammatikasını öyrədirdi. Digər tərəfdən, əvvəlki işbirliyi, o cümlədən türk respublikaları ilə əlaqələr zəifləyib. Digər məsələ dillə bağlıdır. Məsələn, Özbəkistanda rus dilini bilənlər, demək olar ki, çox az qalıb. Orda rus dilinin zəifləməsi, Rusiyada isə elmi dil rus dili olduğu üçün artıq bu iplər qopur. Hər kəs öz dilində yazıb, öz ölkəsində çap edir. Sovet dönəmində türkologiya üzrə mərkəzlər var idi o mərkəzlərdə çalışan türk əsillilər çox idi. Məsələn, bu günRossiyskaya türkologiyajurnalı çap edilir, amma təəssüf ki, zəif çıxır. BakıdaTürkologiyadərgisi çıxır, amma bizə gəlmir. İnternetdən oxumaq imkanı belə azdır. Elmi mübadilə yoxdur. Bu səbəblərdən , məsələn, Özbəkistanda vəziyyəti bilmək istəyirəm, amma bu, mümkün deyil. Hər kəs öz küncünə çəkilib bir şeylər yazır, amma ortaq heç yoxdur. Sovet dönəmində isə bütün bunlar bir mərkəzdən yönləndilirdi. Türkologiya üzrə Türkiyədə çoxlu alimlər var. Qazaxıstan da bu sahədə güclüdür. Özbəkistanda şərqşünaslıq yaxşı inkişaf edib, amma rus dili zəiflədiyi üçün elmi əlaqələrimiz, demək olar ki, yoxdur.

 

- Sovet imperiyası dağıldıqdan sonra Türk dünyası ilə bağlı müxtəlif təşkilatlar quruldu. Onlarla əlaqələriniz necədir?

- Qazaxıstanın paytaxtında yerləşən Beynəlxalq Türk Akademiyası ilə əlaqəmiz var. Yaxın gələcəkdə ortaq dərgi çıxarmaq istəyirik. Çünki Qazaxıstanda hələ rus dili yaşadılır. Amma mən düşünürəm ki, türkoloqları rus dili deyil, türkcə altında toplamamız lazımdır. Təəssüf ki, hələ ortaq dilimiz yoxdur. Bu barədə çox müzakirələr gedib. Hətta bir zamanlar Kazan tatarlarının dilinin ortaq türk dili olmasını istəyənlər vardı. Mən düşünürəm ki, ortaq dil olmalıdır. Bu ya Türkiyə türkcəsi əsasında ola bilər, ya da başqa.

 

- Türkologiyanın gələcəyini necə görürsünüz?

- Türkologiya türk xalqlarının gələcəyi ilə yaxından əlaqəlidir. Mən öz məqalələrimi tatarca da yazıram. Bu da ən azından dilimizi qorumağa verdiyim töhfədir. Amma bu bir adamın işi deyil. Deyirlər ki, ata-analar övladları üçün məktəbi özləri seçsin, yəni tatarca oxusunlar ya oxumasınlar. Çoxu deyir ki, uşaq beynini yormasın. Tatar dilindənsə rus dilində oxusun, ali məktəbə qəbul olsun. Düşünürəm ki, əgər bizim dilimiz, ədəbiyyatımız, tariximizlə bağlı bir şeylər yazılmasa, bu, türkologiyanın böyük itkisi olacaq. Amma sadəcə Kazan türkləri deyil ki. Bu vəziyyətdə olan başqa türk xalqları da var. Başqırdlar, çuvaşlar bizdən daha da mürəkkəb durumdadır.

 

- Türkiyəyə tez-tez gedirsiniz. Təəssüratlarınız necədir?

- İmkan olanda gedirəm. Türkiyə daxil olmaqla, türk respublikalarını çox sevirəm. Onları bir az da qısqanıram. Müstəqil dövlətdirlər, dövlət dilləri var. Onlar olmasa, türklük bitəcək. Türk dünyası ilə bağlı çalışan qurumları təqdir edirəm. Arzu edirəm ki, daha da çoxalsınlar, fəaliyyətləri genişlənsin. Onlar fəaliyyətləri ilə bizə impuls verirlər.

 

Mehparə SULTANOVA

Moskva

P.S. Alfina xanımla söhbətdən sonra onu da yaxından maraqlandıracaq xəbər aldıq. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 26-da Rusiya xalqlarının ana dillərinin qorunması və öyrənilməsi Fondunun yaradılması haqqında fərman imzalayıb.

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.6.