Gənc rəssamın payız rəngləri

 

 

 

Noyabrın 7-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin qalereyasında gənc rəssam Milena Nəbiyevanın “Mənim payızımın çalarları” adlı sərgisinin açılış mərasimi keçirildi. Sərgidə müəllifin 60-dan çox əsəri nümayiş olunur.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və Xalq rəssamı Arif Hüseynov çıxış edərək sərginin əhəmiyyətindən danışdılar. Bildirildi ki, sərginin ideyasının əsasında ilin fəsillərinin dəyişməsinə insanın münasibətini əks etdirən fəlsəfə durur. Təqdim olunan dekorativ-tətbiqi sənət nümunələri rəssamın yaradıcı inkişafının müəyyən mənada yenidən qiymətləndirilməsi kimi görünür. O, əsərlərində həyatın zəfərini və onun dərk edilməsinin sonsuz xoşbəxtliyini tərənnüm etməyə çalışıb.

Vurğulandı ki, sənət yolunda ilk addımlarını atan rəssamın əsərləri Türkiyənin Ankara və Rusiyanın Sankt-Peterburq şəhərlərində müxtəlif sərgilərdə təqdim olunub. Bu, M.Nəbiyevanın paytaxtımızda ikinci fərdi sərgisidir. “Mənim payızımın çalarları” rəssam və sənətsevərlər arasında ilyarım əvvəl başlamış dialoqun davamıdır.

Rəssam çıxış edərək sərgi haqqında məlumat verdi: “Fikrimcə, biz özümüzü qışdan sonra başlayan yaz kimi, payızın yayı əvəz etdiyi kimi, dövriliklə dərk edirik. Bu, ildən-ilə belə davam edir. İdrak və dərketmə prosesi bizim bütün həyatımız boyunca dayana bilməz və dayanmamalıdır. Əks halda, insanın onu əhatə edən dünyanın bütün gözəlliklərini hiss etmədiyi “ruhun və ürəyin ölümü” başlayır. Bu, xüsusilə də yaradıcılıq yolunu seçmiş insanlara aiddir. Mən öz əsərlərimdə həyatın zəfərini və onun dərk edilməsinin sonsuz xoşbəxtliyini tərənnüm etməyə çalışıram. Bu fikirlər “Mənim payızımın çalarları”nda da öz əksini tapıb”.

Rəssam sərginin təşkilində dəstəyi olan hər kəsə təşəkkürünü bildirdi.

Daha sonra qonaqlar əsərlərlə tanış oldular.

Sərgi noyabrın 11-dək davam edəcək.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.8.