Unudulmaz bəstəkarın xatirə
gecəsi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində fəaliyyət göstərən Klassik musiqisevərlər klubunda Azərbaycan estrada musiqisinin yaradıcılarından birinin – Tofiq Quliyevin xatirə gecəsi keçirilib.
Muzeyin filialının – Niyazinin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi Rza Bayramov diqqətə çatdırıb ki, hər çərşənbə günü Klassik musiqisevərlər klubunda müxtəlif tədbirlər keçirilir. Növbəti tədbir günü – 7 noyabr Tofiq Quliyevin ad gününə təsadüf etdiyi üçün görkəmli bəstəkarın yaradıcılığına həsr olunub.
Bakı Musiqi Akademiyasının müəllimləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova və Aytən İbrahimova Tofiq Quliyevin həyat və yaradıcılığından söhbət açıblar. Çıxışlarda qeyd olunub ki, Tofiq Quliyev Azərbaycan muğamlarını nota köçürən ilk bəstəkarlardan biridir. O, 1936-cı ildə bəstəkar Z.Bağırov ilə birlikdə “Rast”, “Segah”, “Zabul”, “Dügah” muğamlarının şöbə və guşələrini nota köçürərək musiqi aləminə böyük töhfə verib. Tofiq Quliyevin bəstələdiyi mahnılar, filmlərə yazdığı musiqi Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.
Tədbirin sonunda Bakı Musiqi Akademiyasının doktorantı Rüfət
Piriyevin və məzunu Güllü
Məmmədovanın ifasında Tofiq Quliyevin hamı tərəfindən sevilən
nəğmələri səslənib.
Mədəniyyət.- 2018.- 9
noyabr.- S.3.