İranlı qonaq Milli Kitabxanada
V Beynəlxalq Teatr Konfransının iştirakçısı olan İran İslam Respublikasının Mədəniyyət və Kitabxanalar üzrə baş müdiri Məhəmməd Pur Azərbaycan Milli Kitabxanasında olub. Kitabxananın direktoru, professor Kərim Tahirov ilə görüşdə qarşılıqlı maraq doğuran mələlər müzakirə edilib.
Təbrizli qardaşlarımızla əməkdaşlıqdan məmnunluğunu ifadə edən Kərim Tahirov Milli Kitabxananın Təbrizdə keçirilən beynəlxalq kitab sərgilərində iştirakını və Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin göstərişi ilə İranın kitabxanalarına müntəzəm olaraq Milli Kitabxana tərəfindən ölkəmizlə bağlı nəşrlər göndərilməsini xüsusi qeyd edib.
Məhəmməd Pur Təbrizdə iki böyük kitabxananın olduğunu və onların Milli Kitabxana ilə əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bu məqsədlə ilk addım kimi növbəti tədbirlərə Azərbaycan Milli Kitabxanasını dəvət edəcəyini xüsusilə diqqətə çatdırıb. O, Firdovsi, Hafiz Şirazi, Məhəmmədhüseyn Şəhriyarın və digər ədiblərin əsərlərinin və “Molla Nəsrəddin”in nadir nüsxələrinin Təbriz Mərkəzi Kitabxanasının fondunda xüsusi yer tutduğunu bildirib və bu cür dəyərli nəşrlərin fotosurətinin Azərbaycan Milli Kitabxanasına veriləcəyini söyləyib.
Sonda qarşılıqlı kitablar hədiyyə edilib.
Mədəniyyət.- 2018.- 9
noyabr.- S.4.