ASSİTEJ mədəni müxtəlifliyi bir araya gətirir

 

 

Xəbər verdiyimiz kimi, V Bakı Beynəlxalq Teatr Konfransının proqramına tanınmış teatr xadimlərinin iştirakı ilə ustad dərsləri və seminarlar da daxil idi.

Noyabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “ASSİTEJ dünyasında yeniliklər” adlı seminar keçirildi. Seminarda Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardinin (Cənubi Afrika Respublikası)  məruzəsi dinlənildi.

Məruzədən öncə Mədəniyyət Nazirliyi Teatr sektorunun müdiri, Bakı Beynəlxalq Teatr Konfransının icraçı katibi Şaiq Səfərov çıxış edərək ASSİTEJ-in fəaliyyəti və seminarın məqsədi haqqında məlumat verdi. Bildirdi ki, sovetlər dövründə Azərbaycanın heç bir beynəlxalq teatr qurumu ilə əməkdaşlıq imkanı olmayıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra teatrın inkişafı ilə bağlı ilk dövlət proqramında beynəlxalq qurumlarla əməkdaşlıq və üzvlük məsələsi ön plana çəkildi. Bu gün Azərbaycan teatrları səhnə sənətinin müxtəlif sahələrini təmsil edən beynəlxalq qurumlara üzv olaraq sıx əməkdaşlıq edirlər. Bütün bunlar teatrların inkişafına və təcrübə mübadiləsinə, Azərbaycan teatrının dünyada tanıdılmasına xidmət edir.

İvet Hardi Bakıda beşinci dəfə keçirilən beynəlxalq teatr konfransında iştirakından razılığını bildirdi, ASSİTEJ-in tarixi, gördüyü işlər, beynəlxalq qurumlarla birgə layihələri barədə danışdı.

Bildirildi ki, 1965-ci ildə yaradılan, uşaq və gənclər teatrlarının mütəxəssisləri üçün beynəlxalq ittifaq rolunu oynayan qurumun dünya üzrə 104 milli mərkəzi fəaliyyət göstərir. Milli, regional və beynəlxalq proqramlar, konqres, konfrans, festival, treninq, ustad dərsləri və digər tədbirlərin həyata keçirilməsində müstəsna xidmətləri olan ASSİTEJ teatr mütəxəssisləri üçün ideya və mədəni yaradıcılıq mübadilələrini asanlaşdırır.

2011-ci ildə ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilən toplantısında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilata üzv seçildiyini vurğulayan xanım Hardi Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək istədiklərini dedi. O, təşkilatın son illərdə həyata keçirdiyi layihələr və yeni teatr tendensiyalarından danışaraq dünyanın müxtəlif ölkələrində təşkil olunan festivalların əhatə dairəsi və mövzularından söz açdı. Bildirildi ki, ASSİTEJ tərəfindən keçirilən bu layihə və festivallar müxtəlif xalqları bir araya gətirir, dünya üzrə teatr mütəxəssislərinin sıx əməkdaşlığına şərait yaradır.

Diqqətə çatdırıldı ki, əsas qərargahı İtaliyada yerləşən təşkilat dünyanın hər bir yerində fəaliyyət göstərən uşaq və gənclər teatrları ilə əlaqə yaratmağa açıqdır: “Qurumun Dünya konqresi bu il Çində gerçəkləşəcək. 2019-cu ildə Norveçdə toplantımız təşkil olunacaq. Amalımız mədəni müxtəlifliyi bir araya gətirməkdir”. İvet Hardi təşkilatın mədəni mübadilə proqramlarında Azərbaycandan da nümayəndənin iştirak etməsinin faydalı olacağını bildirdi: “Çünki bu tədbirlər milli mərkəzin fəaliyyəti ilə tanışlıqla yanaşı, çoxsaylı üzv ölkələrlə əməkdaşlıq baxımından da Azərbaycan teatrlarına yeni imkanlar yaratmış olacaq”.

ASSİTEJ-in rəhbəri təşkilatın fəaliyyətindəki yeniliklər və müasir teatr yanaşmaları haqqında da söz açdı.

Məruzədən sonra seminar müzakirələrlə davam etdi.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.5.