“Ana yurdum,
hər daşına üz qoyum”
Məmməd Arazın 85 illiyinə həsr
edilmiş ədəbi-musiqili gecə
Noyabrın
6-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq
şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə
həsr edilmiş tədbir keçirilib.
Filarmoniya və “Mədəniyyət” kanalının birgə layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas və başqaları unudulmaz şairin həyat və yaradıcılığından söz açıblar.
Qeyd olunub ki, mənalı, şərəfli, Vətənə və sənətə həsr olunmuş ömür yaşamış Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” və s. şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin uğurlu davamı kimi yüksək dəyərə malikdir.
Qeyd edilib ki, son illər ölkəmizdə “Məmməd Araz poeziya günü” çərçivəsində şeir müsabiqəsi keçirilir. Bu il 3-cü dəfə təşkil olunan müsabiqəyə 30 rayondan 50-dək müəllif 100-dən çox şeir göndərib. Sonda qaliblər mükafatlandırılıb.
Gecədə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti (bədii rəhbər - Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri - Etibar Qasımbəyli) çıxış edib.
Konsertdə Məmməd Arazın sözlərinə
yazılmış mahnılar səslənib.
Mədəniyyət.- 2018.- 9
noyabr.- S.6.