Qastroldan festivala...
Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrının kollektivi noyabrın 6-dan 8-dək Zaqatala, Balakən və Qax rayonlarında qastrol səfərində olub. Kollektivin yerli teatrsevərlərə təqdim etdiyi “Vəsiyyət” tamaşası maraqla qarşılanıb.
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən komediyanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı, Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi tənqid edir. Rolları əməkdar artistlər Abbas Qəhrəmanov, Ləman İmanova, Mirzə Ağabəyli, Almaz Amanova, Sevinc Əliyeva, Kazım Həsənquliyev və başqaları oynayır.
* * *
Milli Dram Teatrının yaradıcı heyətinin digər bir qrupu isə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşası ilə ölkəmizi Qırğızıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edir. Səfər Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğızıstandakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Böyük qırğız yazıçısının 90 illik yubileyinə həsr olunan və noyabrın 17-dək davam edəcək “Aytmatov və teatr” festivalına Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da qatılıb.
“Manqurt” tamaşasının bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır. Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva və Mehman Fətullayev iştirak edirlər.
Mədəniyyət.-
2018.- 14 noyabr.- S.7.