Lionda muğam-caz
axşamı
Azərbaycanın Fransadakı səfirliyinin, Lionda qeydiyyatdan keçmiş Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı və dəstəyi ilə bu şəhərin 6-cı rayonunun meriyasında ADFA-nın təqdimatı və muğam-caz konserti təşkil olunub.
Lionun 6-cı rayonu merinin mədəniyyət işləri üzrə müşaviri Mari-Jozef Barni dö Romane mer Paskal Blaşın adından iştirakçıları salamlayaraq, konsertin təşkilinə görə səfirliyə və assosiasiyaya təşəkkürünü bildirib.
Fransadakı səfirliyimizin siyasi işlər üzrə 1-ci katibi Vaqif Ağayev bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini bildirərək, müsəlman Şərqində dünyəvi, parlamentli respublikanın ilk dəfə məhz ölkəmizdə yaradıldığını vurğulayıb.
Azərbaycanın zəngin mədəniyyətindən söz açan V.Ağayev bildirib ki, muğam musiqisi xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.
ADFA-nın prezidenti Günel Səfərova yeni qurumun məqsədləri haqqında məlumat verib.
Sonra gənc bəstəkar və pianoçu Etibar Əsədlinin rəhbərlik etdiyi qrup muğam-caz sintezindən ibarət konsert proqramı ilə çıxış edib. Konsertdə E.Əsədlinin bəstələdiyi “İthaf”, “İslimi”, “Buta”, həmçinin “Qara qaşın vəsməsi” mahnıları və “Arşın mal alan” filmindən musiqilər səsləndirilib.
Alqışlarla qarşılanan konsertdən sonra qonaqlara milli şirniyyatlarımız təqdim olunub.
Mədəniyyət.-
2018.- 14 noyabr.- S.8.