Ali məktəblərdə “Azərbaycan kinosu günləri” davam edir

 

 

 

Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə ali təhsil ocaqlarında “Azərbaycan kinosu günləri” davam edir.

Kino günlərinin növbəti mərhələsi Bakı Slavyan Universitetində başlayıb.

Tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış ediblər.

Çıxışlardan sonra rejissor Etibar Məmmədovun ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi “Qalxan və qılınc” sənədli filmi nümayiş etdirilib. Film sovet dövründə ölkəmizin təhlükəsizlik xidmətlərinə rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin 60-cı illərdə Dağlıq Qarabağda erməni təxribatının qarşısının alınmasında və cinayətkarların cəzalandırılmasında fəaliyyətini əks etdirir.

BSU-da dörd gün davam edəcək kino günlərində rejissor Cavid İmamverdiyevin “Qürbətdə qalmış məzar”, Asif Abramovun “Azərbaycanlı Yura”, Yavər RzayevinSabiri düşünərkən...”, Adil Azayın “Vulkanın nəfəsi”, Rauf Məmmədovun “Nəğmə dolu bir ürəyəm” sənədli filmləri göstəriləcək.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.3.