Mənəvi quruculuğun yolları

 

 

Məşhur hindistanlı yoqmistik Sadhquru Bakıda mühazirələr oxuyub

 

“Uşaqların bilikləri daha az olsa da, onlar həyatdan zövq ala bilirlər. Bu isə o deməkdir ki, böyüklər öz bilikləri və dünyagörüşləri ilə sevinc üçün daha çox səbəb tapa bilər və həyatdan daha asanlıqla, uşaqlardan ikiqat, üçqat çox zövq ala bilərlər”.

Bu sözlər məşhur hindistanlı yoqmistik Sadhquruya (Caqqi Vasudev) məxsusdur. Dərin, təsirli və məntiqli çıxışları ilə beynəlxalq nüfuz qazanan Sadhquru ilk dəfə Azərbaycana səfər edib. O, noyabrın 9-da Bakı Kitab Mərkəzində “Mənəvi quruculuq” kitabını təqdim edib, ayın 10-da Heydər Əliyev Mərkəzində mühazirə oxuyub. Tədbirlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bakı Kitab Mərkəzində keçirilən təqdimatda Sadhquru insanın mənəvi quruculuğuna dair fikirlərini bölüşüb. Onun fikrincə, dünyada sülh, sevinc içində yaşamaq üçün insanlar çox ciddi çağırışlar edir və sadə olanı tez-tez mürəkkəbləşdirirlər. Sadhquru hesab edir ki, insanların keçirdikləri iztirabın iki səbəbi var: yaddaş və sərhədsiz təxəyyül. İnsan dünyanı özünə deyil, özünü dünyaya uyğunlaşdırmalı və harmoniyada yaşamağı bacarmalıdır.

Hindistanlı yoqmistikin Heydər Əliyev Mərkəzindəki mühazirəsi “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” mövzusunda olub.

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağlı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı fiziki hazırlıq və ya yoqa haqqında bilik tələb etmironun sayəsində asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.

Siz sevincli olanda bu sevinc digərlərinə də sirayət edir. Siz bu zaman başqalarına pozitiv görünürsünüz. Eyni zamanda əks halda da müvafiq vəziyyətə uyğun hal yaranır”, - deyə Sadhquru vurğulayıb. O hesab edir ki, insan öz ağlının özünə zərər deyil, fayda verməsinə çalışmalıdır.

Sadhquru mühazirədən sonra iştirakçıların suallarını cavablandırıb, Bakıda bu auditoriya qarşısında çıxışının və insanlarla ünsiyyətinin ona çox gözəl anlar yaşatdığını bildirib.

Tədbir çərçivəsində Sadhqurunun “Mənəvi quruculuq” kitabının imzalanma mərasimi də olub.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-də, Dünya İqtisadi Forumunda çıxış edib.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.5.