“START” Beynəlxalq
Qısa Filmlər Festivalı başlayır
72 film beynəlxalq,
28 ekran əsəri isə yerli müsabiqədə yarışacaq
Noyabrın 14-dən 17-dək
Nizami Kino Mərkəzində
IX “START” Beynəlxalq Qısa
Filmlər Festivalı
keçiriləcək. Festivala
bu il
45 ölkədən 490 film göndərilib. Seçim komissiyasının qərarına əsasən,
festivalın əsas müsabiqə bölmələrində
30 ölkədən 100 qısametrajlı
film yarışacaq.
Bu barədə noyabrın
12-də Nizami Kino Mərkəzində
keçirilən mətbuat
konfransında məlumat
verildi. Bildirildi ki, tədbir
Mədəniyyət, Gənclər
və İdman nazirlikləri, “SİNEMA” Gənc
Kinematoqrafçılar Mərkəzinin
təşkilatçılığı ilə reallaşacaq.
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər
Gildiyası, Nizami Kino
Mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala
təşkilati dəstək
verir.
Festivalın direktoru Fehruz Şamıyev diqqətə
çatdırdı ki,
müsabiqə üçün
35 yaşadək olan rejissorların filmləri qəbul edilib. Filmlərin xronometrajı
maksimum 35 dəqiqə
olmalıdır. Kinoforumun proqramına
beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, habelə
pitçinq (kino layihələrinə sərmayə
tapmaq məqsədilə
təqdimatlar), ustad dərsləri daxildir.
Festivalın beynəlxalq münsiflər
heyətində Ayaz Salayev və Zəhra Bədəlbəyli
(Azərbaycan), Gülbara
Tolomuşova (Qırğızıstan),
Kambuzia Partovi (İran) və Tobias Büxner (Almaniya) yer alacaqlar.
Yerli müsabiqədə
“Qızıl nar” mükafatı uğrunda mübarizə aparacaq filmləri üç yerli mütəxəssis –
Mirbala Səlimli, Cavid Təvəkkül və İlqar Fəhminin daxil olduğu heyət seçəcək.
Festivalın proqramına daxil
olan ən böyük tədbirlərdən
biri isə dünya şöhrətli
iranlı kinorejissor Cəfər Pənahinin Kann, Berlin, Venesiya, Lokarno kimi nüfuzlu
film festivallarında iştirak
etmiş, mükafatlar
qazanmış “Üç
üz” filminin Azərbaycan premyerası olacaq.
Bildirildi ki, festival günləri ekran əsərləri Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsində saat
12-dən 16-dək nümayiş etdiriləcək. Filmlər Azərbaycan dilində
subtitrlərlə göstəriləcək.
Mətbuat konfransında çıxış
edən Əməkdar
incəsənət xadimi
Ayaz Salayev, kinorejissor Mirbala Səlimov, Mədəniyyət
Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı
Almaz Sultanzadə festivalın əhəmiyyətindən
danışdılar. Bildirildi ki,
festivalın müsabiqə
proqramlarına daxil edilən 100 ekran əsərindən 72-si beynəlxalq,
28 film isə yerli müsabiqədə mübarizəyə
qoşulur.
Qaliblər “Ən yaxşı
bədii film”, “Ən yaxşı sənədli
film”, “Ən yaxşı
animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları
ilə yanaşı “Ən yaxşı bədii film rejissoru”, “Ən yaxşı sənədli film rejissoru”,
“Ən yaxşı animasiya film rejissoru”, “Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə
seçiləcək.
FARİZ
Mədəniyyət.- 2018.- 14
noyabr.- S.1;5.