Bu yerlərdə
limon sarı,
Əyir, salır budaqları...
Lənkəranın bar-bərəkəti
festivalda nümayiş
olunub
Noyabrın 10-da Lənkəran şəhərindəki
Heydər Əliyev xatirə parkında qələbəlik vardı. İnsanlar bayramsayağı
bəzədilmiş parkda
keçirilən ikinci
Çay, çəltik
və sitrus festivalına toplaşmışdılar.
Festival ötən əsrin
70-80-ci illərində Lənkəranda
keçirilən “məhsul
bayramları”nı xatırladırdı. 1979-cu ildə rayonda təşkil olunan “Məhsul bayramı”nda ümummilli lider Heydər Əliyev də iştirak etmişdi.
Son illər Lənkəranda
çayçılıq, çəltikçilik
və sitrusçuluqda
böyük nailiyyətlər
əldə olunub. İkinci ildir
keçirilən festival da
bu sahələrin inkişafını təcəssüm
etdirir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı
ilə gerçəkləşən
festivala rəsmilər,
Milli Məclisin deputatları, elm, mədəniyyət
xadimləri, həmçinin
xarici ölkələrin
respublikamızdakı səfirliklərinin
nümayəndələri, digər qonaqlar qatılıblar. Mədəniyyət nazirinin müavini
Rafiq Bayramov tədbirdə iştirak edib.
Tədbir
iştirakçıları əvvəlcə ümummilli
lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri
düzərək xatirəsini
ehtiramla anıblar.
Sonra qonaqlar “Çayımızın
dadı var”, “Lənkəranın düyüsü
- dillər əzbəri”,
“Qonaq evin ruzi-bərəkətini artırar”
adlı pavilyonlarla və digər stendlərlə tanış
olublar.
Rayonda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları,
xalq sənətkarlığı
nümunələri, yerli
təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən
ibarət bayram süfrəsi qonaqlarda xüsusi maraq doğurub.
Tədbir iştirakçılarına yüksəkkeyfiyyətli
yerli sortlar olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən
bişirilən plovlar,
eyni zamanda Lənkəran mətbəxinin
ləziz təamı ləvəngi və digər milli xörəklər təqdim
edilib.
Mərasimdə çıxış edən
şəhər İcra
Hakimiyyətinin başçısı
Taleh Qaraşov lənkəranlıları ikinci
dəfə keçirilən
Çay, çəltik
və sitrus festivalı münasibətilə
təbrik edib. Bayram tədbirində
aqrar bölmədə
uğur qazanmış
fermer və məhsul istehsalçılarının
bir qrupu fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Festival çərçivəsində
şəhərin mərkəzi
meydanında satış-sərgi
də təşkil olunub.
Axşamadək davam edən tədbirdə bədii özfəaliyyət kollektivləri
rəngarəng ədəbi-bədii
kompozisiyalarla çıxış
edib, əyləncəli
və musiqili proqramlar təqdim olunub. Festivalın ssenari müəllifi
və quruluşçu
rejissoru şəhər
Mədəniyyət mərkəzinin
direktoru Hafiz Mirzədir.
Xarici qonaqlar festivala xüsusi maraq göstəriblər.
“Mən və həyat yoldaşım Bakıda olarkən eşitdik ki, Lənkəranda belə bir festival keçiriləcək. Bizim üçün maraqlı gəldi. Qərara aldıq ki, gəlib festivalda iştirak edək”, - deyə almaniyalı turist Albert Sabelus AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.
Bakıda işləyən və Lənkərana ilk dəfə gələn Hindistan vətəndaşı Partha Sarati də festivaldan zəngin təəssürat aldığını deyib: “Burada nümayiş olunan kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri, bədii özfəaliyyət kollektivlərinin çıxışları, xüsusilə, milli rəqsləriniz çox xoşuma gəldi”.
Mədəniyyət.- 2018.- 14
noyabr.- S.4.