Cümhuriyyətin bədii-sənədli kino salnaməsi

 

Amerika, AfrikaAvropada təqdimatlar

 

Kaliforniyanın Los-Anceles şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Ölkəmizin şəhərdəki baş konsulluğunun Los-Ancelesin ən böyük kilsələrindən birində keçirdiyi tədbirdə 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin taleyindən bəhs edən “Əbədi ezamiyyət” bədii-sənədli filmi nümayiş etdirilib. Bakı Media Mərkəzinin Heydər Əliyev Fondunun dəstəyi ilə çəkdiyi filmin baş prodüseri Arzu Əliyevadır.

Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol belə bir tədbirə ev sahibliyi etdiklərindən məmnunluğunu bildirib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev 100 il əvvəl Azərbaycan xalqının müsəlman Şərq tarixinə ilk respublikanı bəxş etdiyini vurğulayaraq film haqqında məlumat verib.

Premyerada iştirak etmək üçün Los-Ancelesə gəlmiş Vayominq ştatının senatoru Leland Kristensen çıxış edərək belə bir önəmli tədbirə qatılmasından məmnunluğunu bildirib, Azərbaycan-ABŞ dostluğu və tərəfdaşlığından söz açıb.

Sonra “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib. ABŞ-da ilk dəfə təqdim olunan ekran əsəri maraqla qarşılanıb.

Nümayişdən sonra amerikalı pianoçu, Yuta Universitetinin professoru Suzan Duelmayerin ifasında Azərbaycan musiqisi nümunələri təqdim olunub. Qonaqlar Azərbaycan mətbəxi təamlarının dadına baxıblar.

* * *

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Avropa İttifaqının yerli nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə Avropa film festivalı keçirilib.

Azərbaycanın Efiopiyadakı səfirliyinin təşəbbüsü ilə festivalda “Əbədi ezamiyyət” bədii sənədli filmi nümayiş etdirilib.

Nümayişdən əvvəl səfir Elman Abdullayev film haqqında danışaraq diqqətə çatdırıb ki, ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilmiş nümayəndə heyətinin taleyindən, eləcə də dövlətçiliyimizin və diplomatiyamızın tarixindən bəhs edir. Diplomat 9 noyabrın Azərbaycanda müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü kimi qeyd edildiyini vurğulayıb.

Film Əddis-Əbəbə şəhərində akkreditə olunmuş diplomatlar, yerli ictimaiyyət nümayəndələri tərəfindən diqqətlə izlənilib.

* * *

Cümhuriyyət tarixindən bəhs edən daha bir ekran əsəri – “Son iclas” bədii-sənədli filmi isə Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində nümayiş olunub.

Mədəniyyət mərkəzinin direktoru Leyla Qasımova bildirib ki, 2018-ci ildə həm Azərbaycan, həm də Avstriyada ilk respublikanın yüzillik yubileyi bayram edilir. Qeyd edib ki, Bakı Media Mərkəzinin istehsalı olan film Azərbaycan Parlamentinin son iclası fonunda Cümhuriyyətin bütün dövrünə nəzər salır, Cümhuriyyət qurucularının müstəqilliyin qorunması üçün necə çətin mübarizə apardığını göstərir. Bədii-sənədli film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Son iclas” Bakı Media Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə ərsəyə gəlib.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.8.