Memorandum teatr məkanını genişləndirməyə zəmin yaradacaq

 

 

 

Oxşar problemləri yaxın qonşular, köhnə dostlarla birlikdə həll etmək daha asan, daha əlverişlidir. Bu, eynilə sənət sahəsinə də aiddir. Sadəcə, bu istəyi dövrün tələblərinə uyğun gerçəkləşdirmək lazımdır ki, nəticə hasil olsun...

Noyabrın 14-də Teatr Xadimləri İttifaqında Azərbaycan və Gürcüstan arasında teatr sahəsində yaradıcılıq əlaqələrini genişləndirməyə zəmin yaradacaq memorandumların imzalanmasına həsr olunmuş mətbuat konfransı keçirildi.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azərpaşa Nemətov əvvəl qonaqları təqdim etdi. Bildirdi ki, “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq  İttifaqının sədri, Gürcüstan maarif, elm, mədəniyyət və idman nazirinin müşaviri Georgi Gegeçkori və cəmiyyətin sədr müavini, Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidzenin Bakıya səfəri iki qonşudost ölkənin teatr kollektivləri arasında əməkdaşlıq münasibətlərini yeni formatda qurmaqdır.

Qeyd olundu ki, Gürcüstan tərəfi artıq Belarus, Estoniya və Litvanın müvafiq yaradıcılıq təşkilatları ilə memorandum imzalayıb. Həmçinin  Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan teatr cəmiyyətləri ilə yaradıcılıq münasibətini nizamlamaq nəzərdə tutulur. Məqsəd ayrı-ayrı ölkələrin teatr qurumları arasında ünsiyyət yaratmaq, milli teatrları beynəlxalq miqyasda tanıtmaqdır.

Qonağımız Georgi Gegeçkori də əlavə etdi ki, bu memorandumlar təkcə yaradıcılıq təşkilatları arasında imzalanmır, çünki belə olarsa, niyyətlərin çoxu kağız üzərində qalacaq. Təşkilatlar arasında müqavilə imzalanan kimi ayrı-ayrı teatrlar da ona qoşulur. Elə bu gün Bakıda Sumqayıt və Kutaisi şəhərlərindəki teatrlar arasında belə sənəd imzalanacaq.

Kutaisi teatrının bədii rəhbəri Konstantin Abaşidze də söylədi ki, adətən teatrlar festivallarda, qarşılıqlı qastrol səfərlərində görüşürlər. Amma geniş yaradıcılıq ünsiyyətinin yaranması üçün biz teatrların ən azı 3 tamaşa ilə qastrola çıxmasını, həm də qastrol səfərində ev sahibi olan teatrın tamaşasına baxmasını, rahat fikir mübadiləsi aparıb, ortaq layihələr üzərində çalışmasını təmin edən münasibətlərin tərəfdarıyıq: “İstəyirik ki, elə bir yaradıcılıq münasibətinin təməlini qoyaq ki, bizdən sonrakı nəsil də onu davam etdirsin. Biz çətin bir yola çıxırıq. Hər hansı  maliyyə, siyasi motiv, dil maneələrinə rəğmən teatrları birləşdirən məqsəd ətrafında birləşməyə israrlıyıq”.

Sumqayıt  Dövlət Dram Teatrının  direktoru, Əməkdar artist Mübariz Həmidov paytaxtdan kənardakı teatrlar arasında məhz Sumqayıt teatrını seçdikləri üçün TXİ-nin sədri Azərpaşa Nemətova minnətdarlığını bildirdi, rəhbərlik etdiyi sənət ocağını beynəlxalq aləmdə tanıtmaq üçün atılan addımlardan danışdı.

“Mədəniyyət” qəzetinin bu layihəyə Gürcüstandakı milli teatrların, o cümlədən Tbilisi Azərbaycan teatrının da qoşulması, qarşılıqlı olaraq müasir  dramaturqların da cəlb edilməsi barədə suallarına cavab verən G.Gegeçkori söylədi ki, zaman keçdikcə arzu edən bütün teatrlar bu layihəyə qoşula biləcəklər. Konstantin Abaşidze də əlavə etdi ki, Gürcüstanda da müasir dram əsərləri baxımından “bolluqdeyil. Bütün hallarda dramaturgiya teatrın təməlidir, təbii ki, qarşılıqlı olaraq müasir dramaturqların tanıdılması teatr aləmində inteqrasiya üçün vacibdir. Bu günlərdə Bolqarıstan Milli Teatrı ilə əməkdaşlıq müqaviləsi imzalamış Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının da, eləcə də digər teatrların  bu layihəyə qoşulmaq ehtimalı barədə sualı cavablandıran Azərpaşa Nemətov dedi ki, məqsəd bəlli  teatr mühitinin hüdudlarını genişləndirmək, bu yolla da beynəlxalq teatr məkanında tanınmaqdır. Konstantin Abaşidze də diqqətə çatdırdı ki, Kutaisi teatrı xarici teatrlarla yaradıcılıq münasibəti saxlayır. Məsələn, Almaniyanın İnqolştdat şəhər teatrı ilə əməkdaşlıq edirlər. Məşhur avtomobil istehsalçısı “Audi” şirkəti bu teatrın sponsorudur. Təəssüf ki, bütün teatrların belə himayədarı yoxdur.

Mətbuat konfransında iştirak edən Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Şaiq Səfərov belə bir təşəbbüsün məhz ictimai təşkilatlardan gəlməsini alqışlayaraq, iki ölkənin müvafiq nazirliklərinin də bu məsələyə qoşulmasının vacibliyini qeyd etdi.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqı ilə “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq  İttifaqı, Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Peşəkar Dram Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulmasına dair memorandumlar imzalandı. Sənədləri Azərbaycan tərəfindən Azərpaşa Nemətov və Mübariz Həmidov, Gürcüstan tərəfindən Georgi GegeçkoriKonstantin Abaşidze imzaladılar.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.1;4.