Mətbuat Şurası ilə Mərkəzi Elmi Kitabxana əməkdaşlıq edəcək

 

Noyabrın 14-də Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

Sənədi Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova imzalayıblar.

L.İmanova kitabxananın Dövri mətbuat fondu, burada saxlanılan qəzet və jurnallar barədə məlumat verib. MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasının əhəmiyyətindən danışan direktor onun yaratdığı imkanlar vasitəsilə mediaya elmi informasiya dəstəyi verilə biləcəyini diqqətə çatdırıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun həyata keçirdiyi tədbirlərdən, layihələrdən, medianın mövcud vəziyyətindən danışıb.

Şuranın üzvlərindən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları memorandumun əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.6.