“Gecəniz xeyrə qalsın, balalar!”...
Milyonların sevimlisi olsa da, həyatda bəxti
gətirməmişdi
O, indiki orta və yaşlı nəslin uşaqlıq xatirələrində “Valya xala” kimi qalıb. Sovetlərin Mərkəzi televiziyasında təkcə uşaqların deyil, böyüklərin də maraqla izlədiyi “Gecəniz xeyrə qalsın, balalar”, “Nağıl qonaqlığında”, “Zəngli saat”, “Bacarıqlı əllər” kimi məşhur verilişlərin aparıcısı, Dövlət mükafatı laureatı, SSRİ-nin Xalq artisti Valentina Leontyeva 1923-cü ildə Leninqradda (Sankt-Peterburq) anadan olub. Ata-anası incəsənətdən uzaq sahədə – mühasib işləyirdi. Amma dayısı Vladimir Şuko memar, həm də teatr sənətçisi idi.
Uşaq yaşlarından incəsənətə həvəs göstərən Valentina teatr dərnəyinə yazılır. Orta məktəbi bitirib gələcəklə bağlı böyük arzularla yaşayarkən müharibə (1941) başlayır. Bir müddət blokadaya alınmış şəhərdə qalırlar. Valentina könüllü olaraq xəstəxanada çalışmağa başlayır. Lakin həmin ağır günlərdə atası dünyasını dəyişir, o, anası və bacısı ilə Ulyanovsk vilayətinə evakuasiya olunurlar.
Valentina 1944-cü ildə D.İ.Mendeleyev adına Kimya-Texnologiya İnstitutuna daxil olsa da, orada oxumur. Xəstəxanada işləyərək, 1948-ci ildə Stanislavski adına opera-dram studiyasını bitirir. İki il Tambov Dram Teatrında işləyir. Orada rejissor Yuri Rişarla tanış olur, onunla ailə qurur. Yuri Moskvada radioda rejissor işlədiyinə görə Moskvaya köçür. Lakin bu evlilik uzun sürmür, dörd il sonra ayrılırlar.
V.Leontyeva 1954-cü ildə müsabiqədən keçərək əvvəlcə televiziyada rejissor köməkçisi, sonra isə diktor işləməyə başlayır. Maraqlı verilişləri ilə hamının sevimlisinə çevrilir. O, Mərkəzi televiziyada SSRİ-nin Xalq artisti adına layiq görülmüş yeganə qadın diktor-məsləhətçi olur. Hərdən filmlərdə (“Vitrinin arxasında”, “Şimal rapsodiyası”) xırda rollara da çəkilir, cizgi filmlərinin (“Şirin nağıl”, “Karlson”) səsləndirilməsində iştirak edir.
O, uşaqlardan kisələrlə
məktub alırdı. Ünvan isə qısa idi: “Televiziya. Valya xalaya”. Uşaqları çox sevirdi, dünyasını dəyişənəcən
həmin məktubları
qutularda saxlayırdı.
Tanınmış teleaparıcı ikinci dəfə SSRİ-nin
ABŞ-da səfiri olan Yuri Vinoqradovla ailə həyatı qurur. 60-cı illərin axırlarında ailə Nyu-Yorkda yaşamalı olur.
Vətənə döndükdən sonra o,
televiziyaya, sevimli işinə qayıdır. Baxmayaraq ki,
maddi cəhətdən
işləməsinə heç
ehtiyac da yox idi. İşə, peşəsinə qəlbən bağlı olsa da, həyatda
bəxti gətirmir.
Bir neçə ildən sonra bu evlilik
də bitir.
1986-cı ildə “Sevgi
bəyannaməsi” (tərcümeyi-hal)
adlı kitabını
çap etdirən
SSRİ Xalq artisti məşhurluğun zirvəsində
idi. Amma qarşıda onu
həyat dramı gözləyirdi.
90-cı illərin ictimai-siyasi
qarışıqlığında televiziyada çox şey, eləcə də dəyərlər dəyişir. V.Leontyevanın uşaq verilişləri
bağlanır. Oğlu Dmitrinin
təkidilə Moskvadakı
evini satıb, Ulyanovsk
vilayətinə – qohumlarının
yanına köçməli
olur. Teleekranda milyonlarla uşağın
sevimlisi olan bu insan doğma
oğlundan bu sevgini görə bilmir. Bütün bunlar ona çox
pis təsir edirdi...
Televiziyada keçirdiyi illəri
ömrünün ən
bəxtəvər çağları
sayan Valentina Leontyeva 20 may 2007-ci ildə
dünyasını dəyişir.
Səbinə ƏLİBALAQIZI
Mədəniyyət.-
2018.- 16 noyabr.- S.7.