Gənc kinematoqrafçılara özlərini təsdiq etmək üçün imkan

 

 

“START” qısa filmlər festivalında 100 yerlixarici ekran əsəri nümayiş olunacaq

 

Noyabrın 14-də Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirildi. Festivalın təşkilatçısı Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzidir. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPluskinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək veriblər.

Mərasimdə festivalın direktoru Fehruz Şamıyev çıxış edərək layihə haqqında məlumat verdi. Bildirdi ki, doqquzuncu dəfə təşkil olunan festival 35 yaşadək rejissorların qısametrajlı (maksimum 35 dəqiqə) filmlərinin nümayişini nəzərdə tutur. Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunub. Onların arasından seçilmiş 100 ekran əsərindən 72-si beynəlxalq, 28 film isə yerli müsabiqədə mübarizəyə qoşulur.

Beynəlxalq müsabiqənin qaliblərini Ayaz Salayev və Zəhra Bədəlbəyli (Azərbaycan), Gülbara Tolomuşova (Qırğızıstan), Kambuzia Partovi (İran) və Tobias Büxnerdən (Almaniya) ibarət jüri qiymətləndirəcək. Yerli müsabiqədə filmləri Mirbala Səlimli, Cavid Təvəkkül və İlqar Fəhminin daxil olduğu münsiflər heyəti seçəcək. Qaliblərə “Qızıl nar” mükafatı veriləcək.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə kinonun inkişafı ilə bağlı həyata keçirilən işlərdən danışdı. Vurğuladı ki, bu il yaranmasının 120 illiyini qeyd edən Azərbaycan kinosu ötən müddətdə mədəniyyətimizə dəyərli töhfələr verib: “Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan kinosunun inkişafı üçün yeni imkanlar açıldı. Müxtəlif mövzuları əhatə edən bədii, sənədli filmlər çəkildi. Filmlərimiz beynəlxalq festivallarda uğurla nümayiş olunaraq mükafatlara layiq görülüblər. Bu gün açılışını etdiyimiz festivala da gənc kinematoqrafçılar böyük maraq göstərirlər. Təqdim olunan filmlərin çoxluğu, eləcə də onların arasında xarici filmlərin üstünlük təşkil etməsi bunu bir daha sübut edir”.

Bu layihənin gənc kinematoqrafçılar üçün əhəmiyyətini qeyd edən Vaqif Əliyev festivalın işinə uğurlar arzu etdi.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, 2004-cü ildən başlayan bu layihə gənclərin yaradıcı potensialının üzə çıxmasına geniş imkanlar açır. Ölkəmizin gənc kinematoqrafçılarının festivalda nümayiş olunan əsərləri gələcəkdə dünya kino sənətində layiqli yer tutacağına ümidlər yaradır.

Münsiflər heyətinin üzvləri çıxış edərək festivalın iştirakçılarına uğurlar arzuladılar.

Daha sonra fransalı rejissor Lola Naymarkın çəkdiyi “Bir gün mənim şahzadəm gələcək” filmi nümayiş olundu.

Qeyd edək ki, beynəlxalq müsabiqə proqramında Azərbaycan da daxil olmaqla 30 ölkədən rejissorların filmləri yer alıb.

Noyabrın 17-dək davam edəcək festivalın filmləri Nizami Kino Mərkəzi və “CinemaPlus” kinoteatrları şəbəkəsində saat 12-dən 16-dək nümayiş olunur. Ekran əsərləri Azərbaycan dilində subtitrlərlə göstərilir. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları üzrə, həmçinin rejissor işinə görə seçiləcək.

 

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.4.