“Arşın mal alan” yenidən Türkiyə səhnəsində

 

 

 

Üzeyir bəyin ölməz əsəri yeni quruluşda Samsunda tamaşaya qoyulub

 

Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettası Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrında nümayiş olunub. Tamaşanı yeni quruluşda Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev hazırlayıb.

Türkiyədən səfərdən qayıdan rejissor təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki,  Ü.Hacıbəylinin bu ölməz əsərini Türkiyədə dördüncü dəfədir tamaşaya qoyur. Əsərin yenidən səhnəyə qoyulmasının əsas səbəbi tamaşaçı tələbatı ilə bağlıdır. Hafiz Quliyev bu əsərə müxtəlif vaxtlarda Belarus Akademik Musiqili Teatrında, Pekin Opera Teatrında, Moskvada və digər səhnələrdə də quruluş verib: “Samsun Dövlət OperaBalet Teatrında “Arşın mal alan”ın ikinci quruluşu idi. İlk dəfə bu əsəri Samsun teatrında 2009-cu ildə səhnələşdirmişdim. Həmin tamaşa beş il repertuarda qalaraq böyük maraqla izlənilib. Bu dəfə isə tamaşa yeni traktovkada işlənildi. Bütün geyimlər və səhnə dekorasiyası Azərbaycan milli ornamentlərinə uyğun hazırlandı. İkinci səhnə variantında xeyli dəyişikliklər etdik”.

Həmsöhbətim deyir ki, əgər birinci tamaşa Anadolu türkcəsində təqdim olunmuşdusa, bu dəfə Azərbaycan dilinə üstünlük verildi: “Tamaşa yeni aktyor heyəti ilə hazırlandı və hər bir obraz üçün üç aktyorla işlədik. Heyət bütünlüklə türkiyəli aktyorlardan ibarət idi. Gün ərzində 8-9 saat məşqlərlə tamaşa 25 günə tamamlandı. İki premyera da böyük anşlaqla keçdi. Tamaşanı italiyalı dirijor Marco Morrone idarə edirdi. Səhnə əsərini Samsun şəhərindən və yaxın bölgələrdən çoxsaylı tamaşaçı izlədi. Üçüncü premyera isə noyabrın 17-də gerçəkləşəcək”.

Hafiz müəllimin sözlərinə görə, yaxın vaxtlarda Samsun teatrının kollektivi bu tamaşanı Türkiyənin əksər şəhərlərində nümayiş etdirmək məqsədilə qastrola çıxacaq. Teatr gələn il bu tamaşa ilə festivalda iştirak etməyi də planlaşdırır.

Rejissor Üzeyir Hacıbəylinin, demək olar ki, bütün əsərlərini səhnələşdirdiyini deyir. Bunların bir qismi Azərbaycanla yanaşı, xaricdə də hazırlanıb: “Ölkəsindən, milliyyətindən asılı olmayaraq, Üzeyir bəyin əsərləri, xüsusilə də “Arşın mal alan” tamaşaçı tərəfindən hər zaman böyük sevgimaraqla qarşılanıb. Eyni zamanda aktyorlar da bu əsərdə həmişə böyük zövqlə və sevə-sevə çalışıblar. Sevindirici haldır ki, dahi bəstəkarın ölməz musiqisi ölkəmizin sərhədlərini aşaraq beynəlxalq aləmdə də hərarətlə qarşılanır. Böyük musiqiçinin adı dünya teatrlarının afişalarında böyük hərflərlə yazılır. Bu, Azərbaycan dövlətinin mədəniyyət və incəsənətimizin dünyada tanıdılması istiqamətində gördüyü böyük işlərin tərkib hissəsidir”.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.3.