100 illik şərəfinə
Şopenin musiqisi
Noyabrın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Polşa Respublikasının müstəqilliyinin 100 illiyi münasibətilə tədbir keçirildi.
Polşanın Azərbaycandakı səfirliyinin keçirdiyi tədbir iki ölkənin himnlərinin səsləndirilməsi ilə başladı. Sonra Polşa səfiri Marek Tsalka və Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev səhnəyə dəvət edildi.
Marek Tsalka öz nitqində 1050 illik dövlətçilik tarixi boyunca ərazi bütövlüyünü qorumaq uğrunda dəfələrlə savaşmış ölkəsinin 1918-ci ildə öz sərhədlərini müəyyənləşdirərək müstəqilliyini bərpa etdiyini diqqətə çatdırdı. Diplomat bu tarixin Azərbaycan Cümhuriyyətinin yaranması ilə eyni vaxta təsadüf etdiyini vurğulayaraq ölkələrimiz arasında münasibətlərin müsbət məcrada inkişafından söz açdı.
Nazir müavini M.Məmmədquliyev Azərbaycan hökuməti adından Polşa səfiri və Bakıda çalışan diplomatik korpusun simasında şanlı yubiley münasibətilə dost polyak xalqını təbrik etdi. Azərbaycan və Polşa arasında diplomatik münasibətlərin hələ XV əsrdə başladığını söyləyən diplomat bu gün ölkələrimizin iqtisadi və mədəni əməkdaşlığı uğurla davam etdirdiyini, Azərbaycan mədəniyyətində və tarixində polyakların xüsusi rolu olduğunu xatırlatdı.
Sonra tədbirin bədii hissəsi başladı. Tanınmış polyak pianoçusu Eva Poblotska beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Fuad İbrahimovun idarə etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış etdi.
Proqrama dünya fortepiano musiqisinin şah əsərlərini yaratmış dahi polyak bəstəkarı Friderik Şopenin “Fortepiano ilə orkestr üçün 2 saylı fa-minor konserti” daxil edilmişdi. 1830-cu ildə bəstələnən bu konsert Avropa musiqisində romantizm dövrünün şah əsərlərindən sayılır.
Şopenin fortepiano üçün bəstələrinin dünya miqyasında tanınmış ifaçısı xanım Poblotska musiqinin möhtəşəmliyini öz mükəmməl çalğısı ilə çatdıra bildi.
Salonun nəfəs dərmədən dinlədiyi konsert təkcə əsərin gözəlliyi, ifadə zənginliyi ilə deyil, həm də orkestrlə solistin bir-birini tamamlayan çıxışı, gənc dirijorun ilhamlı və emosional idarəsi ilə zövqləri oxşadı, alqışlarla qarşılandı.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ziyalılar, Bakıda çalışan Polşa vətəndaşları iştirak edirdi.
G.MİRMƏMMƏD
Mədəniyyət.-
2018.- 16 noyabr.- S.3.