“Azərbaycanın mədəniyyətlərə açıq olması çox xoşdur”

 

 

Emil Səlimov: “Fransa teatral ölkə deyil. Orada sizin alışdığınız teatr münasibətləri də yoxdur”

 

Nə gizlədim, yaxın-uzaq ölkələrdə məskunlaşıb uğur qazanan soydaşlarımızın arasında bir növ ayrı-seçkilik qoyuram. Çünki adına yaradıcılıq deyilən bütün sahələrdə qazanılan uğurun içində milliliyin, məhəlliliyin payı böyükdür. Ən önəmli məqam isə budur ki, sənin vətəndaşı olduğun qürbət ölkədə mədəniyyət sahəsində gördüyün iş milli və məhəlli olduğu (yəni ekzotika və yalnız sənin soydaşlarının duyub anladığı nəsnə) üçün deyil, bəşəri, hətta dil maneəsi olmadan anlaşılan hünər sayılsın.

Ötən həftə son kateqoriyaya  aid ediləsi soydaşlarımızdan biri ilə Bakıda görüşdük. V Bakı Beynəlxalq Teatr Konfransına qonaq gəlmişdi. Düzdür, çıxış etmədi. Amma bizcə, yerli teatr cameəsi üçün çox faydalı olacaq bir iş gördü. Noyabrın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında illərdən bəri Fransada yaşayan soydaşımız, tanınmış teatr rejissoru, xoreoqraf, aktyor, dramaturq, bir sözlə, səhnəqrafiyaya aid edilə biləcək sahələr üzrə on barmağında on mərifət olan Emil Səlimov teatrın aktyorlarına ustad dərsi keçdi. Bütün Avropada aktyor sənəti fənni kimi tədris edilən, öyrədilən “Səlimov metodu” ilə bizim Musiqili teatrın solistlərini, xor və balet truppasının artistlərini tanış etdi. Ustad dərsi barədə qəzetimizdə (9 noyabr 2018-ci il) reportaj dərc olunduğundan söhbətimizi bu gün davam edirik.

Söhbətə keçməzdən öncə qonağımızı oxucularımıza daha yaxından tanıtmaq istərdik.

 

Emil Səlimov. 1956-cı ildə Bakıda doğulub. Uşaqlığının bir hissəsi Ukraynada keçib. Moskva Dövlət Mədəniyyət İnstitutunda rejissorluq dərsi alıb. İlk sənət müəllimləri Rusiya Federasiyasının Xalq artisti Ənvər Behbudov (Rəşid Behbudovun böyük qardaşı) və Edqar Yeqadze olub. Hələ tələbə ikən Moskvada özünü quruluşçu rejissor kimi sınamağa başlayıb. Moskva Dövlət Akademik Satira Teatrında V.Meyerholdun yetirməsi, görkəmli rejissor Valentin Pluçekin emalatxanasında staj keçib. 1987-ci ildə peşəkar aktyor və musiqiçilərdən ibarət “Köhnə şlyapa” müstəqil teatrını yaradıb.

Elə həmin illərdə Fransa vətəndaşlığı alaraq, Parisə köçüb.

1994-cü ildə Parisdə “Parantez” (“Mötərizə”) teatr şirkətini qurub. 2013-cü ildə özünün  Səlimov metodu. Korpus hərəkətdə” Dram Sənəti Məktəbini yaradıb.  2000-ci ildən Fransa Dram Müəllifləri və Bəstəkarları Cəmiyyətinin (SACD) üzvü, 2018-ci ildən fəxri üzvüdür.

Emil Səlimov təxminən qırx ildir ki, öz tamaşalarında prodüser, rejissor və xoreoqraf kimi çalışır, dekorasiya və kostyumların eskizini cızır, həm də  Fransa və xarici ölkələrin dram və opera teatrı tarixindən, dramaturgiya nəzəriyyəsi və aktyor sənətindən dərs deyir. Rejissorluq karyerası boyunca indiyədək xarici ölkələrin səhnəsində əllidən çox tamaşaya quruluş verib, məşhur romanların motivləri əsasında 12 pyes yazıb. Amma bununla belə, beynəlxalq teatr mühiti onu daha çox “Səlimov metodu”nun yaradıcısı kimi tanıyır. Elə biz də müsahibəmizə “Səlimov metodu”ndan başladıq.

 

- “Səlimov metodu” necə yarandı? Siz bu metoda necə gəldiniz?

- Əslində, mənim metodumda qəribə, göydəndüşmə heç nə yoxdur. Mən Fransa teatrına bələd olanda gördüm ki, orada aktyorlar səhnədə hərəkət etməyi bacarmırlar. Onlar mətnlə çox yaxşı işləyirlər. Amma aktyora texniki hərəkəti yerinə yetirməyi tapşırsan, məsələn, əgər o, səhnədə yıxılmalıdırsa, yıxılıb qolunu-qıçını sındıracaq. Çünki onlara necə etməyi öyrətməyiblər. Buna görə də onlara Meyerholdun biomexanikasından öyrəndiklərimi öyrətməyə başladım. Getdikcə  bildiklərimi, aktyorun səhnədəki həm ifadəli, həm də rahat davranışı  üçün gərək olan hərəkətləri, jestləri toplayıb sistem halına saldım. Heç ağlıma da gəlməzdi ki, bütün bunlar yığışıb bir təlim kursu halına gələcək, öz metodumun mövcudluğundan da, necə deyərlər, xəbərsiz idim. Halbuki, düz 25 il bu yolu gəlmişdim! Elə arada bir eşidirdim ki, “Səlimovun metoduna görə belə oldu… Səlimov metodu öyrədir ki…”. İnanmazsınız, hətta bir dəfə maraqlandım ki, görəsən, bu Səlimov kimdir ki, hamı onun metodundan danışır? İnternetdə axtarış verəndə məlum oldu ki, Fransada məndən başqa bir Səlimov var, o da boksçudur, Marseldə yaşayır. 1998-ci ildə Valensiyen şəhərində keçirilən konfransda mənə dedilər ki, bu, sizin metodunuzdur. Başqalarının vasitəsilə mən özümü kəşf etdim…

 

- İnsaflı adamlarmış ki, sizin metodu öz adlarına çıxmayıblar.

- Elədir. Bilirsiniz, mən tamaşa üzərində işə mütləq Stanislavskinin üsulu ilə başlayıram. Mətni götürüb qısa hissələrə bölürəm və aktyorun həmin hissədə səhnədə necə hərəkət etməli olduğunu yazıb ona izah edirəm. Fransızlar buna çox təəccüblənirlər. Neçə il öncə məni Parisdəki Amerika Dram Məktəbinə dəvət etdilər. Bu, çox güclü aktyor məktəbidir: Londonda, Hollivudda, Nyu-York və Parisdə filialları var. Mən həmin məktəbə gələndə onların 69 tələbəsi var idi. Altı ildən sonra tələbələrin sayı 540-a çatdı.

 

- Bəs siz onlarla nə qədər işlədiniz?

- Altı il. Sonra məhşur teatr və kino aktyoru Daniel Mesgişin dəvəti ilə Fransanın Ali Teatr Məktəbində dərs dedim, tələbələrlə tamaşa hazırladım. Nəhayət, 2013-cü ildə öz məktəbimi açdım: “Səlimov metodu. Korpus hərəkətdə”.

 

- Sizin ustad dərsinizdə oldum. Tamaşada xeyli aktyor iştirak edir. Məlum məsələdir ki, hamı eyni dərəcədə yüklənmir, bərabər çalışmır. Siz bunu müəyyən etmək üçün videoçəkilişdən istifadə edirsiniz?

- Mən dərs və tamaşa prosesində hər hansı çəkilişin əleyhinəyəm. Amma tələbələr bizim dərs prosesində oynadığımız tamaşanın lent yazısını istəyirlər, bu, onlara aktyor kastinqlərində iştirak etmək üçün lazımdır.

 

- Fransada rejissor-aktyor münasibəti necə qurulur? Sizin haqqınızda material toplayarkən öyrəndim ki, bir çox teatrların dəvəti ilə tamaşalar qurmusunuz…

- Bəri başdan deyim ki, Fransa teatral ölkə deyil. Orada sizin alışdığınız teatr münasibətləri də yoxdur. Məsələn, bir teatr şirkəti təsis edilib qeydiyyatdan keçir, aktyorlar toplanır, tamaşa hazır olandan sonra şirkət hansısa teatra gedib tamaşanı təklif edir. Həmin teatr da pul müqabilində yalnız yer verir ki, tamaşa oynansın. Gəlirin bölüşdürülməsi də həmin teatr binasının sahibindən asılıdır. Sənə tamaşanın gətirdiyi qazancdan 70 faiz də verə bilər, 30 faiz də.

 

- Bəs “Səlimov metodu”na əsaslanaraq, yəni mətn və hərəkət baxımından mükəmməl, böyük heyətli bir tamaşa təxminən neçəyə başa gəlir?

-  Ən azı, 100 min avroya.

 

- İndi başa düşdüm ki, niyə dekorasiya və geyimlərin eskizini də özünüz hazırlayırsınız…

- Təkcə eskiz hazırlamıram, bəzən əlimə çəkic alıb dekorasiyanı da düzəldirəm, aktyorların libasını da bizim direktor – xanım Virciniya tikir.

 

- Yəqin ki, uğurlu, yaxşı kassa yığımı gətirən tamaşalarınız da az deyil. Bəs siz təkcə öz yetirmələrinizlə çalışırsınız, yoxsa digər teatr şirkətlərinin dəvətilə də tamaşa qoyursunuz?

- Əlbəttə, uğurlarımız  az olmayıb. Amma başqa teatrda dəvətlə tamaşa qoymağa çox can atmıram.

 

- Səbəbini bilmək olar?

- Gərək tamaşanın başının üstündə durasan. Tamaşanı təhvil verib getdinsə, onuncu, iyirminci tamaşadan sonra onu tanımayacaqsan!.. Fransada teatr aktyorları rejissorun iradını qəbul etmirlər. Sənə deyə bilərlər ki, tamaşaçı məni o qədər alqışladı ki, beş dəfə təzimə çıxdım. Sən kimsən ki, tamaşa təhvil veriləndən sonra mənə irad tutursan?!

 

- Həsəd aparılası situasiya deyil. Bəs sizin məktəbinizdə vəziyyət necədir? Tədris sistemi necə qurulub?

- Məlum məsələdir ki, təhsil pulludur və biz kimsənin aktyorluq qabiliyyətini, plastik imkanlarını yoxlamadan müraciət edənlərin hamısını qəbul edirik. Odur ki, bütün tələbələr üçillik təhsil müddətini bitirmir. Üstəlik, əlaçılar, fitri istedad sahibləri üçün təhsilin üçüncü ili pulsuzdur. İlk buraxılışımızda cəmi altı nəfər bu imtiyazı qazana bilmişdi, hazırda isə belə tələbəmiz yoxdur. Qəbul olunan 400 tələbədən təxminən 89 nəfəri təhsilini davam etdirir. Onlar, həqiqətən, istedadlı, zəhmətkeş gənclərdir.

 

- Bildiyim qədər, sizin teatr məktəbinizin günü hazırda o qədər də xoş keçmir. Səbəb nədir? Teatra marağın azalması, istedad qıtlığı, yoxsa səs salan pyesin olmaması?

- Sadaladıqlarınızın heç biri… Yeri gəlmişkən, mən romanları səhnələşdirməyi daha çox xoşlayıram, nəinki hazır pyesə müraciət etməyi. Sonuncu iqtisadi böhran zamanı maliyyə baxımından çox əziyyət çəkdik, binamızı itirdik. Amma Fransada baş verən terror hadisələri bizə daha ağır zərbə vurdu. Təsəvvür edin, 2015-ci il oktyabrın 25-də premyeranı oynamışıq, noyabrın 13-də isə bizim tamaşa oynadığımız binanın yanındakı «Bataklan» teatrına hücum oldu, terrorçular 90 nəfəri qətlə yetirdilər. Tamaşanı yarımçıq qoyub atışmadan qorxuya düşən tamaşaçıları sakitləşdirməyə başladıq, yaşlı tamaşaçılara dərman verdik. Ertəsi gün nə baş verdi? Bizim məhəlləni polislər əhatəyə aldı, Parisdəki bütün teatrlar bağlandı. Aktyorlarımızın çoxu başqa şəhərlərdən olanlar idi. Onlar da qorxdular, tələbə qızlar küçəyə tək çıxmaqdan çəkinirdilər, valideynlər zəng vurur, təlaş keçirirdilər. Üstəlik, Parisdə daimi yaşamaq hüququ olmayan əcnəbilərin, Fransanın digər şəhərlərindən gələnlərin paytaxtda qalmaq üçün icazə alma proseduru qəlizləşdirildi. Ara-sıra təkrarlanan terror hadisələri üzündən bu gün insanlar kütləvi əyləncə məkanlarına getməkdən hələ də qorxurlar.

 

- Beləcə, terror təkcə can almır, həm də mədəniyyətə, zövqümüzə zərbə vurur. Bəlkə Bakıya qayıdasınız?

- Həmişəlik qayıtmağı düşünmürəm, amma tamaşa qoymaq barədə müəyyən fikirlər var…

 

- Uzun illərdir ki, Bakıya gəlməmişdiniz. Doğma şəhəri necə gördünüz? Küçədə azmadınız?

- Bakı çox dəyişib. Köhnə məhəlləmizi tanımadım, bu gün də mehmanxanadan teatra gələndə yolu itirdim. Mən Bakını Qafqazın Las-Veqası adlandırardım. Oxşarlıq bir yana, Azərbaycanın bütün insanlara, bütün mədəniyyətlərə açıq olması çox xoşdur. Fransada belə münasibət görməzsiniz.

 

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.5.