Azərbaycan Çində beynəlxalq mədəni
sənaye sərgisində təmsil olunub
14-17 noyabr tarixində Çin Xalq Respublikasının (ÇXR) Xaynan əyalətinin Sanya şəhərində 3-cü Beynəlxalq Mədəni Sənaye Yarmarkası keçirilib.
Tədbirdə ölkəmizi təmsil etmək üçün Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Vüqar Şixəmmədovun rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərindən, xalq dekorativ-tətbiqi və təsviri sənət ustalarından ibarət qrup Çinə ezam edilib.
Müxtəlif xalqlar arasında mədəni mübadiləni təşviq etməklə ölkələrarası əlaqələrə töhfə vermək məqsədi daşıyan yarmarkada Mədəniyyət Nazirliyi və Azərbaycanın ÇXR-dəki səfirliyi tərəfindən ölkəmizin stendi təşkil edilib.
Tədbirin ilk günü Sanya şəhəri və layihə haqqında təqdimat keçirilib.
Noyabrın 15-də keçirilən açılış mərasimində Sanya şəhərinin meri A Dun müxtəlif ölkələrdən gələn iştirakçıları salamlayaraq tədbirin mədəni sahədə münasibətlərin, turizm əlaqələrinin inkişafına təkan verəcəyinə ümidvar olduğunu deyib.
Azərbaycanın ÇXR-dəki səfiri Əkrəm Zeynallı mərasimdə çıxış edərək xalqlarımız arasında münasibətlərdən söz açaraq tarixi İpək Yolunun bu münasibətlərin yaranması və inkişafında rolunu vurğulayıb. Çinin tarixi İpək Yolunun bərpası ilə bağlı irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün təkcə iqtisadi və nəqliyyat sahələrini deyil, həm də humanitar və mədəni istiqamətdə də əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran diplomat əlavə edib ki, Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən biridir. Ölkələrarası münasibətlərin inkişafında mədəni sahədə əməkdaşlığın rolunu vurğulayan Ə.Zeynallı əlavə edib ki, Çin vətəndaşları üçün tətbiq olunan sadələşdirilmiş viza rejimi, Pekin və Urumçi şəhərləri ilə Bakı arasında aviasiya əlaqəsi bu əlaqələrin inkişafına zəmin yaradır.
Mərasimdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin ifasında milli rəqs nümunələrimiz yerli sakinlərin və xarici qonaqların böyük marağına səbəb olub.
Daha sonra ölkələrin stendlərinə baxış keçirilib. Azərbaycan stendində tariximiz, mədəniyyətimiz, milli mətbəximiz, “Böyük İpək Yolu” mədəni marşrutu ilə sıx bağlı olan, müasirliklə tarixi irsin ahəngdar şəkildə birləşdiyi respublikamız haqqında kitablar və videoçarxlar nümayiş etdirilib. Xalq dekorativ-tətbiqi sənət ustalarımızın əl işləri yarmarka iştirakçılarının xüsusilə diqqətini cəlb edib. Ustalar tərəfindən əl işləri nümunələrinin hazırlanması interaktiv formada nümayiş olunub, stendin ziyarətçiləri üçün ustad dərsləri təşkil edilib.
Daha sonra stendin önündə Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin ifasında konsert proqramı təqdim edilib. Azərbaycanın mədəni sənayesi ilə bağlı təqdimat və rəqs nümunələri rəğbətlə qarşılanıb.
Tədbirin ikinci günü Beynəlxalq mədəniyyət və iqtisadi turizm forumu keçirilib. Müxtəlif ölkələrin diplomatik nümayəndələrinin, mədəniyyət, iqtisadiyyat və turizm üzrə dövlət orqanlarının, özəl şirkət və elmi müəssisə təmsilçilərinin qatıldığı forumda Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Vüqar Şixəmmədov və Azərbaycanın ÇXR-dakı səfiri Əkrəm Zeynallı iştirak edib.
Tədbirdə çıxış edən V.Şixəmmədov mədəni sənaye mövzusunun aktuallığını vurğulayaraq belə bir beynəlxalq forumun keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, ölkəmizin tarixi, coğrafiyası, milli mədəni irsi barədə söz açaraq Azərbaycanın Böyük İpək Yolu üzərində əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizin 11 mədəni irs nümunəsi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Azərbaycanın beynəlxalq mədəni marşrutlara daxil edilməsi üçün böyük perspektivləri var.
Forumun panel müzakirələrində səfir Əkrəm Zeynallı iki ölkənin turizm sahəsində əməkdaşlığı barədə danışıb, sualları cavablandırıb.
Mədəniyyət.- 2018.- 21
noyabr.- S.1;5.